media-photo_5357200957453832559_y
media-bant_master

Gürcüstanın Dmanisi bölgəsi yaxınlığında yerləşən qədim təbəqədən tapılan fosil qalıqlarını araşdıran alimlər, qədim insanların Afrikadan miqrasiyası ilə bağlı ənənəvi modeli şübhə altına alan yeni nəticələr əldə ediblər.

ERAmedia xəbər verir ki, tədqiqatın nəticələri “PLOS One” elmi jurnalında dərc olunub.

Dişlərin formasının təhlili göstərir ki, təxminən eyni dövrdə Afrikanı təkcə bir deyil, iki fərqli qədim insan növü tərk etmiş ola bilər. Bu isə indiyədək qəbul edilən fikirlə, yəni Afrikadan ilk çıxan yeganə növün “Homo erectus” olması ilə ziddiyyət təşkil edir.

Araşdırmaçılar Dmanisidə tapılmış fosillər seriyasındakı dişləri ətraflı şəkildə tədqiq ediblər və aralarındakı fərqlərin o qədər ciddi olduğunu müəyyən ediblər ki, bunu eyni növ daxilindəki variasiyalarla (məsələn, erkək və dişi fərqləri ilə) izah etmək mümkün deyil. Müqayisə üçün primatların, o cümlədən qorillaların dişləri ilə aparılan analizlər də göstərib ki, bir növ daxilində bu qədər böyük fərqlər adətən müşahidə olunmur.

Bu nəticələrə əsaslanan tədqiqat müəllifləri ehtimal edirlər ki, tapıntıların bir hissəsi “Homo georgicus”, digər hissəsi isə “Homo caucasi” adlı növlərə aid ola bilər. Növlərin adları tapıntıların aşkar edildiyi ərazilərlə bağlıdır.

Beləliklə, qədim insanların Afrikadan iki paralel miqrasiyası hipotezi, bu prosesdə yalnız bir növün iştirak etdiyi barədə üstünlük təşkil edən nəzəriyyəyə ciddi çağırış yaradır.

Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr ümidverici görünsə də, yekun elmi konsensus üçün daha çox fosil tapıntısına və əlavə tədqiqatlara ehtiyac var. Hazırkı nəticələr məhdud sayda materialın analizinə əsaslanır.

Vural


media-adspc

Bənzər xəbərlər