İlon Maskın sərvəti 600 milyard dolları keçdi
ABŞ-li milyarder iş adamı İlon Mask “SpaceX” şirkətinin mümkün IPO-su (ilkin kütləvi təklif) ilə bağlı xəbərlərdən sonra tarixdə sərvəti 600 milyard dolları aşan ilk şəxs olub.
ERAmedia xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, İlon Maskın ümumi sərvəti 600 milyard dollar həddini keçərək tarixi rekord qırıb.
Bu artım Maskın təsis etdiyi “SpaceX” şirkətinin 800 milyard dollar dəyər ilə birjaya çıxarıla biləcəyi barədə yayılan xəbərlərdən sonra baş verib.
Qeyd edək ki, Mask oktyabr ayında sərvəti 500 milyard dolları aşan ilk şəxs olmuşdu. Gələn il IPO-ya hazırlaşan “SpaceX”də onun təxminən 42 faiz payı var.
“Forbes”in hesablamalarına əsasən, “SpaceX”in bu dəyərləndirilməsi Maskın sərvətini 168 milyard dollar artıraraq bazar ertəsi təxminən 677 milyard dollara çatdırıb.
Maskın sərvətinə həmçinin elektrikli avtomobil istehsalçısı “Tesla”dakı təxminən 12 faizlik payı da ciddi dəstək verir. Satışlardakı zəifləməyə baxmayaraq, “Tesla” səhmləri bu il indiyədək 13 faiz artıb. Bazar ertəsi isə Maskın şirkətin ön sərnişin oturacağında təhlükəsizlik işçisi olmadan robotaksi testləri apardığını açıqlamasından sonra səhmlər təxminən 4 faiz yüksəlib.
Noyabr ayında “Tesla” səhmdarları Mask üçün 1 trilyon dollarlıq əməkhaqqı paketini təsdiqləyib. Bundan əlavə, Maskın süni intellekt sahəsindəki təşəbbüsü olan “xAI” şirkətinin 230 milyard dollar dəyər ilə 15 milyard dollarlıq yeni sərmayə cəlbi üçün qabaqcıl danışıqlar apardığı bildirilir.
Vural Həsənoğlu









