"İmran Xan həbsxanada öldü" iddiası - Oğlu yardım istədi
Son günlər Pakistannın sabiq baş naziri İmran Xanın həbsxanada həyatını itirdiyi barədə iddialar yayılıb.
ERAmedia xəbər verir ki, İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının tərəfdarları və rəhbərliyi bu xəbərlərə etiraz olaraq onun saxlanıldığı Adiala həbsxanası istiqamətində yürüş ediblər. Siyasətçinin bacıları da aksiyaya qoşularaq vəziyyətə etirazlarını bildiriblər.
Adiala həbsxanasının rəhbərliyi isə açıqlama verərək Xanın vəziyyətinin yaxşı olduğunu və həbsxanada saxlanıldığını bildirib. “O, ölməyib və başqa yerə köçürülməyib. Sağlıq durumu stabildir”, – deyə açıqlamada qeyd olunub.
İmran Xanın oğlu Qasım Xan da yayılan iddialarla bağlı sosial şəbəkədə açıqlama verib. O, “X” sosial media platformasında paylaşım edib.
“Atam 845 gündür həbsdədir. Son 6 həftədə tam şəffaflığın olmadığı bir ölüm kamerasında tək saxlanılır. Bacılarının məhkəmə qərarı ilə verilmiş ziyarət icazələri qəbul edilmir. Telefon zəngləri yoxdur, danışa bilmirik və onun sağ olduğuna dair heç bir sübut yoxdur.
Bu tam qaranlıq, təhlükəsizlik protokolu deyil. Bu, onun vəziyyətini gizlətmək və ailəsinin onun təhlükəsizliyi barədə məlumat almasının qarşısını almaq üçün qəsdən edilən bir addımdır.
Açıq şəkildə bildirmək istəyirəm ki, Pakistan hökuməti və onun vəzifəli şəxsləri atamın təhlükəsizliyi və bu qeyri-insani təcridin bütün nəticələrinə görə hüquqi, mənəvi və beynəlxalq baxımdan tam məsuliyyət daşıyırlar.
Beynəlxalq ictimaiyyəti, qlobal insan haqları təşkilatlarını və bütün demokratik səsləri dərhal müdaxilə etməyə çağırıram. Onun sağ olduğuna dair sübut tələb edin, məhkəmə qərarı ilə verilmiş giriş hüququnun tətbiqini təmin edin, bu qeyri-insani təcridə son qoyun və yalnız siyasi səbəblərlə həbs edilmiş Pakistanın ən populyar siyasi liderinin azad olunmasını tələb edin”, – deyə o bildirib.
Vural Həsənoğlu









