media-196469211_4221540874551174_6261715539765837779_n

Misirdə arxeoloqlar təxminən 5 min il yaşı olan iki məzar aşkar ediblər.

ERAmedia xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, bu tapıntılar sonradan məşhur Giza piramidalarının inşasında istifadə olunan texnologiyaların mənşəyini anlamağa kömək edə bilər.

Qazıntılar Nil çayının şərq sahilində, Minya vilayətinin Cəbəl ət-Tayr bölgəsində aparılıb. Tədqiqatçıların sözlərinə görə, məzarların konstruksiyası mürəkkəb mühəndislik həllərinin Giza piramidalarının tikintisindən əsrlər əvvəl mövcud olduğunu göstərir.

Alimlərin xüsusi diqqətini divarların aşağı hissədə daha enli, yuxarıya doğru isə tədricən daralan forması cəlb edib. Bu konstruksiya tikililərin dayanıqlığını artırırdı və sonradan Misirin monumental memarlığının əsas xüsusiyyətlərindən birinə çevrilmişdi.

Arxeoloqlar həmçinin daş emalı izləri və divarlara yerləşdirilmiş iri taxta tirlər aşkar ediblər. Həmin tirlərdən bəziləri tikilinin demək olar ki, bütün uzunluğu boyunca uzanır və ehtimal olunur ki, tikinti zamanı divarların möhkəmləndirilməsi məqsədilə istifadə edilib.

Mütəxəssislərin fikrincə, yeni aşkar olunan məzarların memarlıq xüsusiyyətləri birləşmiş Misirin ilk hökmdarlarının, o cümlədən firon Denin dəfn olunduğu Abidosdakı kral məzarlarını xatırladır. Bu isə qabaqcıl tikinti texnologiyalarının ölkə ərazisində indiyədək güman ediləndən daha erkən dövrdə yayıldığını göstərə bilər.

Məzarlardan əlavə, arxeoloqlar Misirin birləşməsindən əvvəlki dövrə aid daha qədim qəbiristanlıq da aşkar ediblər. Burada embrion vəziyyətində dəfn olunmuş və həsirlərə bükülmüş insan qalıqları, fironlardan əvvəlki dövrə aid keramika nümunələri, eləcə də daha sonrakı dövrlərə aid taxta tabutlar tapılıb.

Alimlərin sözlərinə görə, bu kəşf sadə dəfn tikililərinin zaman keçdikcə minilliklərə sinə gərən möhtəşəm daş abidələrə necə çevrildiyini izləməyə imkan verir və Misir memarlığının inkişafı ilə bağlı mövcud təsəvvürləri dəyişə bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər