media-aze_tur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyasının birliyinə qarşı yönələn cəhdlərlə bağlı açıqlaması Azərbaycan-Türkiyə münasibətlərini hədəf alan proseslər fonunda diqqət çəkir.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, Ərdoğanın “türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq” açıqlamasını Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan qüvvələrə ünvanlanmış mesaj kimi də qiymətləndirmək olar.

Təhlilçinin fikrincə, Türkiyə lideri bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək Zirvə toplantısı barədə danışarkən səsləndirsə də, açıqlamanın regional münasibətlər kontekstində əlavə məna daşıdığı diqqətdən yayınmır.

Asif Nərimanlı qeyd edir ki, Ərdoğanın bu mesajı Türkiyədə Azərbaycana qarşı informasiya hücumlarının aktivləşməsində katalizator rolunu oynadığı bildirilən Oktay Saralın istefaya göndərilməsindən sonra səsləndirməsi də diqqətəlayiq məqamdır. Bu baxımdan, açıqlama iki ölkə arasındakı strateji müttəfiqliyə xələl gətirmək istəyən qüvvələrə qarşı siyasi mövqenin ifadəsi kimi şərh oluna bilər.

Son məlumatlara görə, Azərbaycanın Türkiyədə “arzuolunmaz şəxs” elan etdiyi 31 nəfərdən biri, “Köklü Değişim” hərəkatının İstanbul təmsilçisi Məhəmməd Əmin Yıldırım saxlanılıb. Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında keçirilən aksiyada iştirak edən Fatih Erşahin isə ifadəsinin alınması üçün polisə çağırılıb.

Asif Nərimanlının yanaşmasına görə, bu hadisələr Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yönələn fəaliyyətlərə münasibətdə atılan addımlar kontekstində diqqətlə izlənilməlidir. “Qara siyahı”ya daxil edilən digər şəxslərin də Azərbaycana qarşı fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunub-olunmayacağı isə qarşıdakı dövrdə aydınlaşa bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər