Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək - Akif Quliyev
Laçın rayonu ərazisində, Həkəri çayı üzərində inşa edilən su anbarı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir sıra ərazilərində, ümumilikdə 700 minə yaxın əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına imkan verəcək.
ERAmedia xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev bildirib.
Onun sözlərinə görə, 2026-cı il iyulun 11-də Prezident İlham Əliyevin iştirakı ilə Həkəri su anbarının təməlqoyma mərasimi keçirilib. Layihə içməli su təminatının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Akif Quliyev qeyd edib ki, su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr nəzərdə tutulub. Layihə çərçivəsində 172 kilometr uzunluğunda magistral su xəttinin çəkilməsi planlaşdırılır. Həmin infrastruktur vasitəsilə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarının əhalisinin içməli su ilə təmin edilməsi nəzərdə tutulur.
Rəsmi bildirib ki, layihənin tərkib hissəsi olaraq magistral xətt boyunca ümumi gücü 10,8 meqavat olan üç su elektrik stansiyasının tikintisi də planlaşdırılır.
O vurğulayıb ki, Azərbaycanın su ehtiyatlarının idarə olunmasında əsas məsələlərdən biri içməli su mənbələrinin qorunması, yeni infrastrukturun yaradılması və mövcud resurslardan səmərəli istifadə edilməsidir.
Akif Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi transsərhəd çayların payına düşür. Bu amil ölkədə su təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. Həkəri çayı üzərində inşa olunan su anbarı isə yerli su ehtiyatlarından istifadə etməklə içməli su təminatının gücləndirilməsinə yönəlib.
Agentliyin rəsmisi ölkənin əsas su ehtiyatlarından biri olan Mingəçevir su anbarının əhəmiyyətini də qeyd edib. Onun sözlərinə görə, su anbarlarında ehtiyatların toplanması yağıntılar, çaylardan daxil olan suyun həcmi və su ehtiyatlarının düzgün idarə olunması ilə sıx bağlıdır.
Akif Quliyev bildirib ki, ölkə üzrə mövcud 141 su anbarından içməli su və suvarma məqsədləri üçün istifadə olunur. Cari ildə su anbarlarında toplanan suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard kubmetr artıb. O qeyd edib ki, mövcud vəziyyətə əsasən, hazırda su ehtiyatları ilə bağlı ciddi təhlükə müşahidə olunmur.
Rəsmi əlavə edib ki, su təhlükəsizliyinin uzunmüddətli təmin edilməsi üçün yalnız mövcud su anbarlarının imkanlarından istifadə etməklə kifayətlənmək olmaz. Yeni su anbarlarının tikintisi, magistral və paylayıcı şəbəkələrin genişləndirilməsi, suvarma kanallarının yenidən qurulması da mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə Aşağı Muğan kanalının yenidən qurulması üzrə işlər davam etdirilir. Sabirabad rayonunda 37 min hektar əkin sahəsinə xidmət edən kanalın yenilənməsi suvarma suyunun daha səmərəli çatdırılmasına imkan verəcək. Baş Muğan kanalının tikintisinə isə növbəti ildə başlanılması nəzərdə tutulur.
Akif Quliyev, həmçinin Bostantəpə və Qızılağac kanalları üzrə layihələrə toxunaraq, suvarma infrastrukturunun yenilənməsinin kənd təsərrüfatının su təminatının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı isə layihələndirmə və ekspertiza işləri aparılır.
Onun sözlərinə görə, həyata keçirilən layihələrin əsas məqsədi su itkilərini azaltmaq, müasir tələblərə cavab verən hidrotexniki qurğular yaratmaq və gələcəkdə yarana biləcək su risklərinin qarşısını almaqdır.
Akif Quliyev vurğulayıb ki, su ehtiyatlarının artırılması və infrastrukturun müasirləşdirilməsi ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.










