Günel Hacıyevanın “Yarım Ada” adlı yeni kitabı çap olunub
Azərbaycan Yazıçılar Birliyinin üzvü, sevilən yazıçı – jurnalist Günel Hacıyevanın “Yarım Ada” adlı yeni kitabı işıq üzü görüb.
Bununla bağlı ERAmedia-ya açıqlamasında müəllif bildirib ki: “ Yazmaq mənim üçün hər zaman sadəcə peşə deyil, həm də özümü ifadə etməyin ən doğma yolu olub. İxtisasca jurnalistəm, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu və Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Ədəbiyyata olan sevgimin bəhrəsi kimi ilk kitabım “Sükutun səsi”, ardınca isə ikinci kitabım “Yarım Ada” işıq üzü görüb. Hər iki kitabımda insan talelərinə, həyatın fərqli üzlərinə və bəzən sözə çevrilməyən duyğulara toxunmağa çalışmışam. “Yarım Ada” — qələmimdən oxucularıma uzanan ikinci ədəbi yolçuluğum.”
Kitab müxtəlif insan talelərini, həyatın ziddiyyətlərini, insanın daxili dünyasını və cəmiyyətin sosial-psixoloji problemlərini əks etdirən 10 hekayədən ibarətdir. Kitabda sevgi, tənhalıq, ailə münasibətləri, müharibə və mənəvi sarsıntılar kimi mövzulara toxunulur.
Müəllif Günel Hacıyeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, bundan əvvəl “Sükutun səsi” kitabının müəllifi kimi də oxuculara tanışdır.
Mələk Onur









