Folklor İnstitutunun nəşrləri kitabsevərlərə təqdim olunur
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun zəngin elmi nəşr irsi XII Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir.
ERAmedia-ya İnstitutda bildirilib ki, Folklor İnstitutunun rəhbərliyi və əməkdaşları Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirak edirlər. İnstitutun ekspozisiyasında 2005–2026-cı illərdə aparılmış elmi tədqiqatların, folklortoplama işlərinin və sahə araşdırmalarının nəticələrini əks etdirən kitablar, monoqrafiyalar və dövri nəşrlər təqdim olunur. Nəşrlər sırasında “Azsaylı xalqların folkloru” seriyasından olan 8 cildlik, Qərbi Azərbaycan folkloruna həsr edilmiş 6 cildlik, “Güney Azərbaycan folkloru” seriyasından 18 cildlik, “Dədə Qorqud” mövzusunda tədqiqatlar, ilkin mənbələrin transkripsiyaları, atalar sözləri və digər folklor janrlarına dair kitablar yer alır. Bu nəşrlərdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor nümunələri, o cümlədən Qərbi Azərbaycandan olan soydaşlarımızın yaddaşında qorunub saxlanılan zəngin folklor irsi əksini tapır. Təqdim olunan materiallar xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sərgidə, həmçinin “Usta söyləyicilərin repertuarı” seriyasından kitablar, ayrı-ayrı alimlərin Azərbaycanda və xaricdə nəşr olunmuş monoqrafiyaları, “Dədə Qorqud” və “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalları nümayiş etdirilir.
Folklor İnstitutunun nəşrləri Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, sistemləşdirilməsi, nəşri və elmi tədqiqi istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin nəticələrini əks etdirir. Bu nəşrlər milli-mədəni irsin qorunmasına, elmi dövriyyəyə daxil edilməsinə və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.









