Dənizi yarıb keçəcək: Dünyanın ən uzun sürətli dəmir yolu körpüsü
Çinin şərqində, çətin təbii şəraiti ilə seçilən Xançjou körfəzinin suları üzərində inşa edilən nəhəng layihədə işlər yekunlaşmaq üzrədir.
ERAmedia xəbər verir ki, saatda 350 kilometr sürətlə hərəkət edən yüksəksürətli qatarların istifadəsinə veriləcək körpünün uzunluğu 29,2 kilometrdir. Dünyanın dəniz üzərində inşa edilmiş ən uzun dəmir yolu körpüsü hesab olunan nəhəng layihə artıq son mərhələyə qədəm qoyub.
Layihənin üç əsas hissəsindən ikisinin birləşdirilməsi mühəndislərin böyük səyləri nəticəsində uğurla başa çatdırılıb. Oktyabrın 17-də cənub xəttinin, oktyabrın 20-də isə şimal xəttinin son polad blokları öz yerlərinə quraşdırılıb. Tikintisi 90 faiz tamamlanan körpüdə indi əsas diqqət noyabrın sonunda birləşdirilməsi planlaşdırılan orta keçid hissəsinə yönəlib.
Şimal xəttində sonuncu mühüm quraşdırma işləri sahildən 570 metr aralıda, olduqca çətin şəraitdə həyata keçirilib. Mühəndislər 123,6 ton ağırlığında və 9,6 metr uzunluğunda olan nəhəng polad konstruksiyanı dəqiqliklə yerinə yerləşdirməzdən əvvəl 48 saat ərzində körpünün elastik deformasiyalarını və temperatur dəyişikliklərini fasiləsiz izləyiblər.
Su səviyyəsi arasındakı fərqin 9 metrə qədər çatdığı, dünyanın ən güclü qabarma və çəkilmə hadisələrinin müşahidə olunduğu Xançjou körfəzində tikinti işləri son dərəcə mürəkkəb şəraitdə aparılır. Güclü küləklər və su axınları layihənin həyata keçirilməsini daha da çətinləşdirir.
Tikinti başa çatdıqdan sonra iki xətli körpü Nantun və Ninbo şəhərlərini birləşdirəcək və regionun nəqliyyat xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək. Hayyan şəhəri tarixində ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulacaq, Sısi bölgəsinin sakinləri isə yüksəksürətli qatarlarla səyahət imkanından yararlanacaqlar.
Çinin şərq sahilindəki iqtisadi mərkəzlər arasında əlaqələri sürətləndirəcək bu nəhəng layihə həm də ballastdan istifadə edilməyən rels sisteminin tətbiq olunduğu ən möhtəşəm suüstü dəmir yolu tikililərindən biri kimi diqqət çəkir.
Əli Fərhad










