media-whatsapp-image-2026-10-26-at-09-56-55

Osmanlı arxivlərində Sultan II Əbdülhəmidin hakimiyyəti dövründə saraya daxil olan şübhəli məlumatlar və dövlət təhlükəsizliyi ilə bağlı araşdırmalar diqqət çəkir.

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında Osmanlı dövrünə aid olduğunu bildirdiyi bir sənəddən bəhs edərək, həmin materialın saraya qarşı sui-qəsd iddiaları, məxfi fəaliyyətlər və dövrün təhlükəsizlik sistemi baxımından maraq doğurduğunu bildirib.

Onun sözlərinə görə, Sultan II Əbdülhəmidin hakimiyyəti illərində dövlətin daxili təhlükəsizliyinə xüsusi diqqət yetirilir, ölkənin müxtəlif bölgələrindən daxil olan məlumatlar saray tərəfindən qeydə alınır və araşdırılırdı. Həmin dövrdə casusların və məlumat verən şəxslərin təqdim etdiyi hesabatlar “jurnal” adlandırılırdı.

Zaur Əliyevin təqdim etdiyi məlumata görə, belə hesabatlardan birində Qazçı Papas oğlu Yorqi adlı yunanın İstanbulun Üsküdar bölgəsindəki Səlamsız məhəlləsində yaşayan bəzi ermənilərlə bağlı saraya məlumat verdiyi bildirilir. İddiaya əsasən, həmin şəxslər bir karvansarada toplaşaraq Sultan II Əbdülhəmidə qarşı cadu hazırlamaqda ittiham olunublar.

Məlumatı saraya çatdıran şəxsin iddiasına görə, məqsəd bu vasitə ilə sultanı xəstələndirmək və öldürmək olub. Bildirilir ki, daxil olan məlumatdan sonra saray məmurları hadisənin baş verdiyi iddia edilən yerə gedərək şübhəli şəxsləri saxlayıb və onları dindiriblər.

Əliyev qeyd edib ki, təqdim olunan sənədin üzərində «Zaptiyə Nəzarəti»nin möhürünün olduğu və materialın polis araşdırmasının yekun hesabatı kimi təqdim edildiyi bildirilir.

Tarixçinin diqqətə çatdırdığı digər məqam Osmanlı hakimiyyətinin müxtəlif dövrlərdə dövlət rəhbərinə qarşı mümkün sui-qəsd cəhdləri və gizli fəaliyyətlərlə bağlı məlumatları araşdırmasıdır.

Zaur Əliyevin təqdim etdiyi məlumatda 1908-ci ilin mayında Nablus şəhərindən olan Mehmed Hayr adlı şəxsin və tərəfdarlarının Sultan II Əbdülhəmidə qarşı plan hazırladıqları barədə iddia da yer alır. Həmin iddiaya görə, onlar sultanın cümə namazından sonra keçəcəyi yol və arabası ilə əlaqəli müəyyən rituallar həyata keçirməyə çalışıblar.

Tarixçinin istinad etdiyi digər məlumatda isə 1893-cü ildə Van vilayətində bəzi erməni komitəçilərinin evlərində aparılan axtarışlar zamanı silahlarla və siyasi bəyannamələrlə yanaşı, üzərində müxtəlif simvollar və dualar olan əlyazmaların tapıldığı iddia edilir.

Əliyevin diqqətə çatdırdığı məlumatlar arasında gecə saatlarında evlərdə toplaşaraq gizli rituallar həyata keçirilməsi ilə bağlı saray hesabatlarının olduğu barədə iddialar da var.

Zaur Əliyevin sözlərinə görə, təqdim olunan sənəddə hadisədə adı çəkilən şəxslərin günahsız hesab edildiyi, məlumat verən şəxsin isə psixi vəziyyəti ilə bağlı şübhələrin qeydə alındığı bildirilir.

Tarixçi digər Osmanlı sənədlərində bəzi dövlət məmurlarının rüşvət qarşılığında müəyyən işlərin araşdırılmasına mane olması və ya şübhəli şəxslərin azad edilməsinə şərait yaratması ilə bağlı qeydlərin olduğunu da vurğulayır.

Onun fikrincə, bu cür materialların araşdırılması həmin dövrdə dövlət orqanlarının fəaliyyəti, təhlükəsizlik sistemi və siyasi münasibətlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Bununla belə, ayrı-ayrı arxiv sənədlərindəki ittihamların tarixi fakt kimi qəbul edilməsi üçün onların mənşəyi, məzmunu və digər müstəqil mənbələrlə uyğunluğu yoxlanılmalıdır. Xüsusilə, cadu və gizli rituallarla bağlı iddiaların arxasında konkret siyasi və ya hərbi fəaliyyətlərin dayandığını söyləmək üçün əlavə sübutlara ehtiyac var.

Zaur Əliyevin şərhində Osmanlı imperiyasının son dövrlərində baş verən siyasi proseslərə və 1915-ci il hadisələrinə də toxunulur.

Tarixçi həmin dövrdə müxtəlif siyasi təşkilatların fəaliyyəti, gizli yazışmalar və silahlı mübarizə ilə bağlı məsələlərin ayrıca araşdırılmasının vacibliyini qeyd edir. Onun yanaşmasına görə, arxiv materialları əsasında siyasi təşkilatların fəaliyyətini və imperiyanın təhlükəsizlik siyasətini öyrənmək mümkündür.

Lakin 1915-ci il hadisələrinin səbəblərini ayrı-ayrı sui-qəsd iddiaları və ya gizli fəaliyyətlərlə izah etmək tarixi proseslərin mürəkkəbliyini nəzərə almamaq olardı. Həmin hadisələrin araşdırılması üçün dövrün siyasi, hərbi və sosial şəraitini əks etdirən geniş mənbələr toplusuna müraciət etmək zəruridir.

Zaur Əliyev Osmanlı dövrünə aid sənədlərin müasir Türkiyədə təhlükəsizlik, siyasi münasibətlər və tarixi yaddaş məsələləri baxımından da müzakirə oluna biləcəyini düşünür.

Onun fikrincə, keçmişdə baş vermiş hadisələrin araşdırılması dövlətlərin təhlükəsizlik siyasətini və siyasi proseslərin inkişafını daha yaxşı anlamağa kömək edə bilər.

Tarixi sənədlərin elmi baxımdan qiymətləndirilməsi isə ilk növbədə onların həqiqiliyinin yoxlanılmasını, məlumatların digər mənbələrlə müqayisəsini və ayrı-ayrı şəxslər və ya icmalar haqqında irəli sürülən iddiaların sübutlarla əsaslandırılmasını tələb edir.

media-whatsapp-image-2026-10-26-at-09-57-03

Vüsalə


media-adspc

Bənzər xəbərlər