Əmək pensiyalarında yeni qaydalar: Əlavələr kimlərə şamil olunacaq?
Azərbaycanda əmək pensiyalarına aylıq sabit əlavələrin tətbiqi nəzərdə tutulur.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, müəyyən kateqoriyadan olan əmək pensiyaçılarına aylıq sabit məbləğdə əlavə ödəniləcək.
Deputatın sözlərinə görə, dəyişikliklər Milli Məclisdə qəbul edilib və qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Vüqar Bayramov qeyd edib ki, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya həmin yaşa çatanadək orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına şamil olunacaq.
Sabit pensiya əlavələrinin nəzərdə tutulduğu şəxslərin siyahısı kifayət qədər genişdir. Buraya azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndələri və müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, eləcə də müvafiq şərtlərə cavab verən yerli icra hakimiyyəti başçıları daxildir.
Bununla yanaşı, dəyişikliklər müvafiq qulluq və ya sığorta stajı şərtlərini ödəyən digər şəxsləri də əhatə edir. Belə ki, sabit əlavələrin sabiq dövlət qulluqçularına, deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara, Hesablama Palatasının sabiq üzvlərinə, insan hüquqları üzrə müvəkkillərə, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının müvafiq şərtlərə cavab verən sabiq üzvlərinə şamil olunması nəzərdə tutulur.
Həmçinin diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşları, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçuları da dəyişikliklərin əhatə etdiyi kateqoriyalar sırasındadır. Siyahıya müvafiq şərtlərə cavab verən media və yayım sahəsində fəaliyyət göstərmiş şəxslər də daxildir.
Deputat diqqətə çatdırıb ki, yeni qaydalar qüvvəyə mindikdən sonra müvafiq kateqoriyalara aid olan və pensiya yaşına çatmış şəxslərin əmək pensiyalarının təyinatı qanunvericiliyin yeni tələblərinə uyğun aparılacaq.
Aylıq sabit əlavələrin məbləğinə gəlincə, Vüqar Bayramov bildirib ki, əlavələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin ediləcək və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Onun sözlərinə görə, qanuna edilən dəyişikliklər təsdiqləndikdən sonra müvafiq fərmanla aylıq pensiya əlavələrinin məbləğini müəyyənləşdirən qurum da bəlli olacaq.
Əli Fərhad










