Azərbaycanla gərginliyin qarşısı alındı: Türkiyədəki proseslərin pərdəarxası
Siyasi təhlilçi Asif Nərimanlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hicab məsələsi ilə bağlı Azərbaycanı tənqid edən və iki ölkə arasında münasibətlərin gərginləşməsində rol oynayan baş müşaviri Oktay Saralı vəzifədən göndərməsini üç kontekstdə dəyərləndirib.
ERAmedia-nın məlumatına görə, Asif Nərimanlı bildirib ki, bu qərar ilk növbədə Türkiyə rəhbərliyinin Azərbaycanla münasibətlərdə gərginliyin yaranmasında maraqlı olmadığını nümayiş etdirir.
Təhlilçinin fikrincə, Oktay Saralın Azərbaycanı tənqid etməsinin yalnız şəxsi təşəbbüs olduğunu demək çətindir. Bu mövqe ya AKP daxilindəki dini-ideoloji xəttin yanaşmasını əks etdirib, ya da partiya rəhbərliyinin tapşırığı ilə ortaya qoyulub.
Asif Nərimanlı istisna etməyib ki, Türkiyə tərəfi bu addımla Azərbaycanın reaksiyasını yoxlamağa çalışıb. Onun sözlərinə görə, Bakı geri çəkiləcəyi təqdirdə Azərbaycanın dini-ideoloji müstəvisində Türkiyənin mövqelərini gücləndirmək və İranın zəifləyən təsirindən yaranan boşluğu doldurmaq imkanları da nəzərdən keçirilmiş ola bilər.
Siyasi təhlilçi hesab edir ki, Türkiyədə bu prosesi hazırlayan qüvvələr öz hesablamalarında yanılmış ola bilərlər. Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi və ardınca Oktay Saralın vəzifədən uzaqlaşdırılması yanlış hesablamalardan geri çəkilmək və ikitərəfli münasibətlərdə çatların yaranmasına imkan verməmək cəhdi kimi qiymətləndirilə bilər.
O qeyd edib ki, Azərbaycanla bağlı yanlış planlar quranların bu prosesdən nəticə çıxarması və məsuliyyət daşıması da gözləniləndir.
Asif Nərimanlının qənaətinə görə, baş verənlərdə Türkiyənin hakim koalisiyasının tərəfdaşı olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) mövqeyi də mühüm rol oynayıb.
Təhlilçi MHP sədri Dövlət Baxçalının məsələ ilə bağlı Azərbaycanın daxili işlərinə müdaxilə edilməməli olduğu barədə açıqlamasına diqqət çəkib. Onun fikrincə, Baxçalının bu mövqeyi hakimiyyət ortağı olan AKP-nin yanaşmasına açıq dəstək verməməsi baxımından əhəmiyyətlidir.
Asif Nərimanlı vurğulayıb ki, Türkiyədə millətçi kəsim ənənəvi olaraq Azərbaycanın mövqeyinə yaxın dayanıb və bu dəfə də həmin mövqe özünü göstərib.
Siyasi təhlilçi hesab edir ki, prosesin nəticələnməsində əsas amillərdən biri rəsmi Bakının məsələyə prinsipial yanaşması olub.
Onun sözlərinə görə, Türkiyədə Azərbaycana qarşı bu cür kampaniyalar ilk dəfə baş vermir. Xüsusilə 2023-cü ildən etibarən müxtəlif vaxtlarda Bakıya qarşı arzuolunmaz informasiya hücumları müşahidə edilib.
Asif Nərimanlı bildirib ki, Azərbaycan əvvəlki hallarda bu cür proseslərə qarşı daha loyal mövqe sərgiləyərək yaranmış problemləri müxtəlif kanallarla həll etməyə çalışıb. Lakin bu yanaşmaya baxmayaraq, oxşar proseslərin təkrarlanması davam edib.
Təhlilçinin fikrincə, budəfəki hadisənin gərginlik həddinə çatmasının əsas səbəblərindən biri rəsmi Bakının daha sərt və prinsipial mövqe ortaya qoymasıdır.
Asif Nərimanlı hesab edir ki, Oktay Saralın vəzifədən uzaqlaşdırılması ilə qardaş ölkədə Azərbaycana qarşı hər fürsətdə fəaliyyətə keçən şəbəkənin mövqeləri zəifləyə bilər.
Mələk Onur










