Çin, ABŞ və Rusiya rəqabəti: Azərbaycanın geosiyasi əhəmiyyəti artır
Dünyanın iki supergücü olan ABŞ və Çinin diqqətinin Azərbaycana yönəlməsi təsadüfi deyil.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin ERAmedia-ya açıqlamasına görə, bu marağı yalnız Azərbaycanın coğrafi mövqeyi ilə izah etmək düzgün olmazdı. Onun fikrincə, ölkəmizin əhəmiyyəti təkcə bugünkü geosiyasi xəritədə tutduğu yerlə deyil, gələcəyin xəritəsində oynayacağı rolla da bağlıdır.
Qulamhüseyn Əlibəyli bildirib ki, Azərbaycan hazırda həm ABŞ, həm də Çinlə bərabərhüquqlu strateji tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Onun sözlərinə görə, supergüclərin yolunun Azərbaycandan keçməsi coğrafi üstünlükdür, həmin yolların əsas şərtlərinin müəyyənləşdirilməsində ölkəmizin söz sahibi olması isə strateji qazancdır.
Sabiq deputat hesab edir ki, Azərbaycan üçün əsas məsələ böyük dövlətlərin diqqətindən səmərəli istifadə etməkdir. Coğrafi mövqe ölkəyə müəyyən üstünlük versə də, bu üstünlüyün davamlı geosiyasi kapitala və siyasi sərbəstliyə çevrilməsi səmərəli diplomatiya, şəffaf müqavilələr, etibarlı infrastruktur və regional sabitlik tələb edir.
Qulamhüseyn Əlibəylinin qənaətinə görə, Çin siyasətinin arxa planında daha çox iqtisadi hesab dayanır. Pekin ixrac məhsullarını Avropaya çatdırmaq üçün alternativ nəqliyyat marşrutlarına ehtiyac duyur. Şimal dəhlizinin geosiyasi risklərlə üzləşməsi, dəniz yollarının isə vaxt və təhlükəsizlik baxımından həssaslığı alternativ istiqamətlərin əhəmiyyətini artırır.
O qeyd edib ki, alternativ marşrutlar yük daşımalarının siyasi böhranlardan, təhlükəsizlik problemlərindən və ayrı-ayrı nəqliyyat xətlərindəki fasilələrdən asılılığını azaltmağa imkan verir.
Sabiq deputatın fikrincə, Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən Orta Dəhliz bu baxımdan Çin üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan isə tranzit imkanları, Xəzər limanları və Avropa bazarlarına çıxışı ilə həmin nəqliyyat zəncirinin əsas həlqələrindən biridir.
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Azərbaycanın Çin üçün əhəmiyyəti təkcə tərəfdaşlıq münasibətləri ilə məhdudlaşmır. Ölkəmizin əsas nəqliyyat bağlantılarının üzərində yerləşməsi onu Pekin üçün mühüm logistika mərkəzinə çevirir.
Onun sözlərinə görə, Çin üçün əsas məsələlərdən biri Azərbaycan üzərindən keçən marşrutların nə dərəcədə etibarlı və əlçatan olmasıdır. Bu baxımdan ölkəmiz həm təhlükəsiz tranzit məkanı, həm də etibarlı tərəfdaş kimi Çinin diqqətini cəlb edir.
Sabiq deputat hesab edir ki, Çinin Azərbaycan və bütövlükdə Cənubi Qafqazla əlaqələrini dərinləşdirmək istəyini yalnız Vaşinqtonla rəqabət kontekstində qiymətləndirmək düzgün deyil.
Onun fikrincə, Pekinin regionda fəallaşmasını Azərbaycanın ABŞ-ın təsir dairəsinə daxil olmasının qarşısını almaq cəhdi kimi təqdim etmək ilk baxışdan inandırıcı görünsə də, bu yanaşma Azərbaycanın müstəqil siyasi iradəsini və iqtisadi maraqlarını arxa plana keçirir.
Qulamhüseyn Əlibəyli bildirib ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan supergüclərdən birinin digərinə təhvil verə biləcəyi siyasi məkan deyil. Azərbaycan orta güc kimi regional proseslərə təsir göstərir, tərəfdaşlar seçir, şərtlər irəli sürür və xarici maraqları öz milli məqsədlərinə uyğunlaşdırmağa çalışır.
O qeyd edib ki, regionda ABŞ, Çin və Rusiyanın maraqlarının mövcudluğunu, eləcə də bu dövlətlər arasında rəqabətin mahiyyətini nəzərdən qaçırmaq olmaz. Bununla belə, həmin rəqabəti yalnız geosiyasi qarşıdurma kimi deyil, iqtisadi əməkdaşlıq və regional bağlantılar baxımından da təhlil etmək lazımdır.
Sabiq deputatın sözlərinə görə, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları həm Çin mallarının daşınmasına, həm də ABŞ-ın dəstəklədiyi regional bağlantı layihələrinə xidmət edə bilər. Bu mənada ayrı-ayrı maraqların üst-üstə düşməsi mümkündür.
Bununla yanaşı, əsas fikir ayrılıqları nəqliyyat yollarının mövcudluğundan daha çox onların maliyyələşdirilməsi, idarə olunması, texnoloji standartları və yaratdığı siyasi təsirlə bağlıdır.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Azərbaycan üçün əsas imkan müxtəlif tərəfdaşların maraqlarını bir-birini tamamlayan layihələrə çevirməkdir. Lakin bunun üçün iqtisadi əməkdaşlıq münasibətlərinin ölkənin siyasi seçimləri üzərində inhisar yaratmasına yol verilməməlidir. Bir tərəfdaşla yaxınlaşma digər tərəfdaşla münasibətləri avtomatik məhdudlaşdıran öhdəliyə çevrilərsə, Azərbaycanın manevr imkanları darala bilər.
Sabiq deputat regiondakı geosiyasi proseslərdə Rusiyanın maraqlarının da nəzərə alınmasının vacibliyini vurğulayıb.
Onun fikrincə, Çinin regionda fəallaşması Rusiyanın avtomatik olaraq sıxışdırılması və mövqelərini itirməsi anlamına gəlmir. Moskva və Pekin bəzi siyasi məsələlərdə yaxın mövqelər tutsalar da, nəqliyyat, logistika, investisiya və regional bağlantılar sahəsində fərqli maraqlara malik ola bilərlər.
Sabiq deputatın qənaətinə görə, Azərbaycanın uğuru tərəfdaşlar arasında seçim etməyə məcbur qalmaqdan yayınmaqla yanaşı, hər bir əməkdaşlıqdan konkret milli fayda əldə etməsindən asılıdır. Ölkənin uzun illərdir həyata keçirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət də məhz bu məqsədə xidmət edir.
O bildirib ki, praktik baxımdan Bakı üçün əsas vəzifələrdən biri Çin sərmayələrinin və tranzit yüklərinin real həcmini artırmaqdır. Bunun üçün infrastrukturun inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi və dəhliz boyunca yerləşən ölkələr arasında koordinasiyanın gücləndirilməsi vacibdir.
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Çinin iqtisadi maraqları Azərbaycanın tranzit mərkəzinə çevrilmək və orta güc kimi regional mövqelərini möhkəmləndirmək strategiyası ilə uzlaşır. Lakin bu uyğunluq öz-özünə nəticə vermir, konkret iqtisadi və institusional mexanizmlərlə möhkəmləndirilməlidir.
Sabiq deputatın fikrincə, Çin regionda təsir dairəsi uğrunda gərginliyi artırmaqdan daha çox ticarət marşrutlarına və logistika mərkəzlərinə sabit çıxış əldə etməkdə maraqlıdır. Bu prosesin nə dərəcədə uğurlu olacağı isə həm Azərbaycanın mövqeyindən, həm də regionda rəqabət aparan digər güc mərkəzlərinin addımlarından asılı olacaq.
O əlavə edib ki, Cənubi Qafqaz artıq böyük güclərin diqqət mərkəzindədir və Azərbaycanın bu geosiyasi məkanda rolu getdikcə artır. Əsas məsələ yaranmış imkanları uzunmüddətli iqtisadi üstünlüklərə və müstəqil siyasi qərarvermə imkanlarına çevirməkdir.
Vüsalə









