media-aleksandar-vucic

Serbiyada təxminən iki ildir davam edən tələbə etirazlarından sonra keçirilən növbədənkənar parlament seçkiləri hakimiyyət dəyişikliyinə yol açıb.

ERAmedia xəbər verir ki, Serb Tərəqqi Partiyasının (SNS) rəhbərlik etdiyi “Aleksandar Vuçiç – Birləşmiş Serbiya” siyahısının baş nazirliyə namizədi Aleksandar Vuçiç tələbə hərəkatının seçkilərdə qalib gəldiyini açıqlayıb.

2014-cü ildə baş nazir olan, daha sonra isə prezident seçilən Vuçiç seçkilərin nəticələrinin xarici dəstəkli prosesin məhsulu olduğunu iddia edib. O, bundan sonrakı dövrdə müxalifət sıralarında mübarizə aparacaqlarını bildirib.

Serbiyanın tanınmış siyasi simalarından olan Vuçiç 2017 və 2022-ci illərdə ardıcıl olaraq iki dəfə prezident seçildikdən sonra bu seçkilərdə iştirak etmək üçün prezident vəzifəsindən istefa verərək baş nazirliyə namizədliyini irəli sürüb.

2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmir yolu vağzalında beton örtüyün çökməsi nəticəsində 16 nəfərin həyatını itirməsindən sonra başlayan və təxminən iki ildir davam edən tələbə etirazları Vuçiç və hökumətinə təzyiqləri artırıb.

Novi Sad şəhərindəki faciədən sonra “Tələbə siyahısı – Tələbələr qalib gəlir” şüarı ilə növbədənkənar parlament seçkilərinə qatılan tələbə hərəkatı dünən keçirilən səsvermədə qələbəsini elan edib.

Tələbə siyahısı adından qələbə nitqi ilə çıxış edən akademik Radomir Sayiçiç səsvermədə iştirak edən hər kəsə təşəkkür edib və gələcəyi qurmağa başlayacaqlarını bildirib.

Ənənəvi siyasi partiyalardan fərqlənən tələbə hərəkatının hökumətin formalaşdırılması prosesini necə həyata keçirəcəyi isə maraq doğurur.

Qeyd edək ki, Serbiyada 12 il hakimiyyətdə olan Vuçiç İsraillə yaxın münasibətləri ilə də diqqət çəkən liderlərdən biri olub.

Serbiyanın İsraillə birgə döyüş dronları istehsal edəcəyini bildirən Vuçiç ölkəsinin hərbi potensialını gücləndirmək məqsədilə İsrail istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) yığılması üçün yeni zavodun açılışını da həyata keçirib.

Vuçiç İsrailin baş naziri Benyamin Netanyahuya da “dostum” deyə müraciət edib.

Serbiyada Azad Seçkilər və Demokratiya Mərkəzi (CeSID) açıqlayıb ki, qeyri-rəsmi nəticələrə əsasən, səslərin 56 faizi hesablanıb. Bu nəticələrə görə, Tələbə siyahısı səslərin 52 faizini, SNS-in rəhbərlik etdiyi Vuçiçin siyahısı isə 39 faizini qazanıb.

Ölkədə qeydiyyatda olan 6,4 milyondan çox seçici 250 yerlik Serbiya Milli Məclisinin yeni üzvlərini müəyyənləşdirmək üçün yerli vaxtla saat 20:00-dək səs verib.

Serbiyanın Dövlət Seçki Komissiyası (RIK) saat 19:00-a qədər seçici fəallığının 67,6 faiz təşkil etdiyini açıqlayıb. Ölkə mediasının məlumatına görə, seçici fəallığı rekord həddə çata bilər. Belə ki, 2023-cü ildə keçirilən son seçkilərdə bu göstərici 58 faiz olub.

Serbiyada dünən gün ərzində keçirilən növbədənkənar parlament seçkiləri zamanı bəzi seçki məntəqələrində zorakılıq hadisələri də qeydə alınıb.

Serbiya mediası bəzi seçki məntəqələrindən çıxan vətəndaşların maskalı qrupların hücumuna məruz qaldığını, onlara dəyənəklərlə zərbələr endirildiyini bildirib.

Serbiyanın Daxili İşlər Nazirliyinin açıqlamasında isə Lazarevaç şəhərində baş verən zorakılıq hadisəsi zamanı iki polis əməkdaşının yaralandığı, bir neçə nəfərin polisə daş və təhlükəli əşyalar atdığı qeyd olunub.

Bəzi ərazilərdə seçki pozuntularının baş verdiyi də iddia edilib. Səsvermə bülletenlərinin fotoşəkillərinin çəkildiyi və çoxsaylı səsvermənin qarşısını almalı olan sistemlərin düzgün işlədilmədiyi barədə məlumatlar yayılıb.

Bununla yanaşı, paytaxt Belqradın küçələrində seçki məntəqələrinin bağlanmasına yaxın çoxsaylı zirehli polis maşınları müşahidə olunub. Şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri diqqət çəkib.

Vural


media-adspc

Bənzər xəbərlər