Hindistanın Bakı və Daşkənd xətti: Ortaq maraqlar nədən ibarətdir?
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıya səfəri və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla görüşü regionda diplomatik əlaqələrin inkişafı baxımından diqqət çəkir.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Hindistanın baş naziri Narendra Modinin tapşırığı ilə xarici işlər nazirinin Azərbaycana səfər etməsi rəsmi Dehlinin Bakı ilə münasibətləri inkişaf etdirmək niyyətindən xəbər verir.
Onun sözlərinə görə, Hindistanın türk dövlətləri arasında əsas strateji tərəfdaşı Özbəkistandır. Təsadüfi deyil ki, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov hindistanlı həmkarı ilə görüşmək üçün Bakıda fürsətdən istifadə edib.
Elxan Şahinoğlu qeyd edib ki, Baxtiyor Saidov görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında Subrahmanyam Cayşankarla Bakıda görüşməkdən məmnunluğunu ifadə edib. O, ikitərəfli gündəliyin əsas məsələlərinin müzakirə olunduğunu və ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların vaxtında, səmərəli şəkildə həyata keçirilməsinin vacibliyinin vurğulandığını bildirib.
Siyasi şərhçinin fikrincə, Hindistan və Özbəkistan arasında son illərdə dərinləşən strateji tərəfdaşlıq bu təmasların əhəmiyyətini daha da artırır.
Belə ki, Narendra Modinin avqustun 30-da Özbəkistana rəsmi səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə strateji tərəfdaşlığın dərinləşdirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər 2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Bu hədəf hazırkı ticarət göstəricisinin təxminən beş dəfə artırılmasını nəzərdə tutur.
Bundan başqa, son illərdə iki ölkə arasında müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Hindistan və Özbəkistan iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, siyasi münasibətlərin də bütün səviyyələrdə intensivləşdirilməsində maraqlıdırlar.
Elxan Şahinoğlu vurğulayıb ki, Hindistanın xarici işlər nazirinin Bakıda özbək həmkarı ilə görüşü də iki ölkə arasında siyasi təmasların genişləndirilməsi xəttinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, Özbəkistan Azərbaycanın da strateji tərəfdaşıdır. Bu baxımdan Hindistanın Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək qərarı Daşkəndin maraqlarına da uyğun gəlir. Bakı ilə Dehli arasında münasibətlərin möhkəmlənməsi regionda çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirə bilər.
Siyasi şərhçi Hindistan və Özbəkistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Oktyabrın 22-də Yeni Dehlidə Hindistan-Özbəkistan Birgə İşçi Qrupunun 10-cu iclası keçirilib. Görüşdə terror təhdidlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ekstremizm və radikalizmlə mübarizə, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması, eləcə də texnologiyalardan terror məqsədləri üçün istifadəyə yol verilməməsi məsələlərinə diqqət yetiriblər.
Müzakirələr zamanı müvafiq qurumların potensialının artırılması və terrorizmlə mübarizə sahəsində təcrübə mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları da nəzərdən keçirilib.
Birgə İşçi Qrupunun növbəti iclasının Özbəkistanda keçirilməsi planlaşdırılır.
Vural









