media-17930126922233820117_1200x630

Şəxsi və məişət gigiyenası qaydalarına əməl olunması yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə çirkli əllər, sanitar tələblərə cavab verməyən qida və su, eləcə də çirklənmiş məişət əşyaları vasitəsilə yayılan infeksiyaların profilaktikasında gigiyena tədbirləri xüsusi əhəmiyyət daşıyır.

ERAmedia xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova bildirib.

O deyib ki, əllərin sabunla yuyulması, qida məhsullarının düzgün hazırlanması və saxlanılması, meyvə-tərəvəzlərin istifadədən əvvəl yuyulması, məişət səthlərinin təmiz saxlanması salmonellyoz, şigellyoz (dizenteriya), rotavirus infeksiyası və hepatit A kimi xəstəliklərin yayılma riskinin azalmasına kömək edir.

Aygün İsmayılova diqqətə çatdırıb ki, şəxsi gigiyena qaydalarına riayət olunması hava-damcı yolu ilə yayılan infeksiyaların, o cümlədən qrip və digər kəskin respirator virus infeksiyalarının ötürülmə riskinin azaldılmasında da əhəmiyyətlidir: “Əllərin təmiz saxlanılması, öskürmə və asqırma zamanı ağız və burunun örtülməsi, qapalı məkanların mütəmadi havalandırılması bu infeksiyaların yayılma riskini azaltmağa kömək edir. Şəxsi gigiyena qaydalarına müntəzəm və düzgün əməl olunması infeksiyaların insandan insana ötürülməsinin qarşısının alınmasına, xəstəliklərin ailə və kollektivlərdə yayılma riskinin azalmasına imkan verir. Bu baxımdan, əl gigiyenası, qida və su təhlükəsizliyi, eləcə də yaşayış mühitinin təmiz saxlanılması gündəlik həyatın ayrılmaz hissəsi olmalıdır. Yaşayış və iş məkanlarının müntəzəm təmizlənməsi və havalandırılması qapalı mühitdə havanın keyfiyyətinin qorunmasına, tənəffüs yollarına təsir edən amillərin azalmasına kömək edir. Qapalı məkanlarda havanın uzun müddət dəyişməməsi toz, kif və digər qıcıqlandırıcıların toplanmasına şərait yarada bilər. Bu amillər allergiyaya həssas şəxslərdə asqırma, burun axması və ya tutulması, gözlərdə qaşınma, sulanma kimi əlamətlərin yaranmasına səbəb ola bilər”.

Şöbə müdiri vurğulayıb ki, otaqların mütəmadi havalandırılması havanın yenilənməsinə və respirator infeksiyaların ötürülmə riskinin azalmasına kömək edir. Eyni zamanda, məkanların təmiz saxlanılması toz, ev tozu gənələri, kif və digər allergenlərin miqdarının azalmasına, bununla da allergiyaya həssas şəxslərdə allergik əlamətlərin yaranma və ya güclənməsi riskinin aşağı salınmasına imkan verir. “Bundan əlavə, təmizlik zamanı otaqların düzgün havalandırılması və kəskin qoxulu təmizləyici vasitələrdən həddindən artıq istifadə edilməməsi vacibdir. Belə ki, bəzi kimyəvi maddələr, kəskin qoxular tənəffüs yollarını qıcıqlandıra və xüsusilə həssas şəxslərdə narahatlıq yarada bilər. Bu baxımdan, otaqların mütəmadi havalandırılması, tozun nəm üsulla təmizlənməsi, kif və nəmlik mənbələrinin aradan qaldırılması, yataq dəstlərinin vaxtında dəyişdirilməsi həm tənəffüs yolu infeksiyalarının yayılma riskinin, həm də allergenlərin təsirinin azalmasına kömək edir”, – deyə Aygün İsmayılova qeyd edib.


media-adspc

Bənzər xəbərlər