media-havabaki133

ABŞ-nin Kaliforniya ştatında fəaliyyət göstərən müstəqil “Maskomania News” media platforması Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın ölkəmizin xarici siyasəti, milli təhlükəsizliyi və regionda formalaşan yeni geosiyasi reallıqlarla bağlı geniş müsahibəsini yayımlayıb.

ERAmedia xəbər verir ki, jurnalist Fərhad Elmarın müəllifi olduğu müsahibə 26 oktyabr 2026-cı ildə ingilis dilində “Fazil Mustafa on Azerbaijan’s Foreign Policy and Security” (“Fazil Mustafa Azərbaycanın xarici siyasəti və təhlükəsizliyi haqqında”) başlığı ilə dərc olunub.

Müsahibədə Azərbaycanın Türkiyə, İsrail, İran və Rusiya ilə münasibətləri, Güney Qafqazın təhlükəsizlik arxitekturası, dünyəvi dövlətçilik modeli, İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqları, parlament diplomatiyası və ölkəmizin qarşıdakı onillik üçün strateji prioritetləri ətraflı təhlil edilib.

Fazil Mustafa Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq Ümummilli lider Heydər Əliyevin siyasi irsində xüsusi yer tutan “Bir millət, iki dövlət” prinsipinin ortaq tarixi-mədəni kimliklə yanaşı, hər iki dövlətin müstəqil qərarvermə hüququnu da ehtiva etdiyini bildirib.

Komitə sədrinin fikrincə, Azərbaycanın İsraillə əməkdaşlığını Türkiyə ilə strateji müttəfiqliyinə alternativ kimi təqdim etmək düzgün deyil. O vurğulayıb ki, strateji müttəfiqlik bütün beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etmək məcburiyyəti yaratmır. Fərqli yanaşmaları qarşılıqlı etimad və ortaq maraqlar əsasında uzlaşdırmaq mümkündür.

Müsahibədə Azərbaycanın Türkiyə ilə İsrail arasında diplomatik dialoqa töhfə vermək imkanları da qiymətləndirilib. Bu istiqamətdə ehtiyatlı, mərhələli və nəticəyönlü yanaşmanın, o cümlədən səssiz diplomatiyanın əhəmiyyəti vurğulanıb.

Müsahibənin əsas mövzularından biri İranın siyasi gələcəyi və burada baş verə biləcək dəyişikliklərin Azərbaycanın milli təhlükəsizliyinə mümkün təsirləri olub.

Fazil Mustafa Azərbaycanın maraqlarına uyğun qonşu dövlət modelinin nə zəif və xaotik, nə də ekspansionist siyasət yürüdən İran olduğunu qeyd edib. Onun yanaşmasına görə, Azərbaycan üçün əsas məsələ beynəlxalq hüquqa hörmət edən, qonşularının suverenliyini tanıyan, sabit və praqmatik dövlətin mövcudluğudur.

İranda yaşayan milyonlarla azərbaycanlının ana dili, təhsil və mədəni hüquqları məsələsinə də müsahibədə xüsusi yer ayrılıb. Komitə sədri bu hüquqların müdafiəsinin universal insan hüquqları prinsipləri çərçivəsində aparılmasının vacibliyini vurğulayıb. Bu baxımdan BMT, UNESCO və beynəlxalq parlament əməkdaşlığı mexanizmlərinin imkanlarına diqqət çəkib.

Müsahibədə Azərbaycanın dünyəvi dövlətçilik modeli, vicdan azadlığı və xarici dini-siyasi təsirlərlə bağlı məsələlər də geniş müzakirə olunub.

Fazil Mustafa dini inanc ilə siyasi radikalizmin fərqləndirilməsini, təhlükəsizlik tədbirlərinin hüquqi dövlət prinsipləri ilə uzlaşdırılmasını və maarifləndirmə işinin gücləndirilməsini zəruri hesab etdiyini bildirib.

O, Azərbaycan Xalq Cümhuriyyətinin maarifçilik irsinə istinad edərək dünyəviliyin milli dövlətçilik tariximizin mühüm nailiyyətlərindən biri olduğunu qeyd edib.

Müsahibədə Rusiyanın Güney Qafqazda gələcək siyasətinin mümkün ssenariləri, regional güc balansı və Azərbaycanın müstəqil strateji seçimləri də nəzərdən keçirilib.

Fazil Mustafa hesab edir ki, regionun təhlükəsizliyi yalnız böyük dövlətlər arasındakı rəqabətdən asılı olmamalıdır. Onun fikrincə, Güney Qafqaz ölkələri arasında dayanıqlı münasibətlər sisteminin formalaşdırılması regional sabitliyin təmin olunmasında mühüm rol oynaya bilər.

Komitə sədri, həmçinin parlamentin xarici siyasət və milli təhlükəsizlik sahəsində analitik imkanlarının artırılması, ekspert institutları ilə əməkdaşlığın genişləndirilməsi və parlament diplomatiyasının inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Müsahibənin yekun hissəsində Azərbaycanın gələcək on il üçün üç əsas strateji istiqaməti müəyyənləşdirilib:

Dövlət suverenliyinin dönməzliyinin təmin edilməsi və regional təhlükəsizlik sistemində müstəqil mövqenin möhkəmləndirilməsi;

Elmi-texnoloji, iqtisadi və institusional təhlükəsizliyin gücləndirilməsi;

Milli kimliyin, dünyəvi dövlətçilik modelinin və ictimai dayanıqlılığın qorunması.

Fazil Mustafa intellektual təhlükəsizlik, strateji düşüncə mədəniyyəti, süni intellekt, kibertəhlükəsizlik, keyfiyyətli təhsil və insan kapitalını gələcəyin əsas çağırışları sırasında göstərib.

Onun yanaşmasına görə, Azərbaycanın tarixi Zəfərinin yaratdığı imkanlar uzunmüddətli intellektual, iqtisadi və institusional üstünlüyə çevrilməlidir.

Qeyd edək ki, müsahibəni yayımlayan “Maskomania News” ABŞ-nin Kaliforniya ştatında qeydiyyatdan keçmiş müstəqil rəqəmsal media platformasıdır. Nəşr beynəlxalq münasibətlər, geosiyasət, təhlükəsizlik, iqtisadiyyat, ictimai-siyasi proseslər və mədəniyyət mövzularında xəbərlər, analitik materiallar və müəllif şərhləri təqdim edir.

Platformanın özünü təqdimatında faktlara əsaslanan jurnalistika, dəqiqlik, kontekstual təhlil, redaksiya müstəqilliyi və ictimai məsuliyyət əsas redaksiya prinsipləri kimi göstərilir.

“Maskomania” adı fərdlərin, institutların və cəmiyyətlərin ictimai həyatda nümayiş etdirdiyi zahiri obraz – “maska” anlayışı ilə əlaqələndirilir. Nəşrin konsepsiyası hadisələrin yalnız görünən tərəfini deyil, onların mahiyyətini və arxasında dayanan siyasi, sosial və iqtisadi prosesləri araşdırmağa əsaslanır.

Müsahibənin müəllifi Fərhad Elmar platformada Azərbaycan, Güney Qafqaz, ABŞ-Azərbaycan münasibətləri və beynəlxalq təhlükəsizlik mövzularında materiallarla çıxış edir.

Komitə sədrinin müsahibəsinin ingilisdilli beynəlxalq media platformasında yayımlanması Azərbaycanın xarici siyasət prioritetlərinin, milli təhlükəsizlik məsələlərinə yanaşmasının və regional proseslərlə bağlı mövqelərinin xarici auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər