ABŞ 90 günlük böyük müharibəyə hazırlaşır
ABŞ Pentaqonu yeni strategiya çərçivəsində ölkə ərazisindəki iri hərbi bazaların kənardan dəstək almadan ən azı 90 gün ərzində əsas fəaliyyətlərini davam etdirə bilməsini hədəfləyir.
ERAmedia xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Bildirilib ki, müstəqil fəaliyyət hədəfi telekanalın tanış olduğu FORTRESS sənədlərində əksini tapıb. Sənədlərə əsasən, mümkün fasilələrə qarşı kritik hərbi materialların tədarükü və istehsalı üçün ən azı iki etibarlı alternativ mənbə nəzərdə tutulmalıdır.
ABŞ-nin müharibə naziri Pit Heqset ötən ay bu təşəbbüsü elan edib. ABŞ və İsrailin İrana hücumlarına cavab olaraq İranın Amerika hərbi obyektlərinə və ABŞ qüvvələrinin istifadə etdiyi digər məntəqələrə zərbələr endirməsindən sonra ABŞ ordusu Yaxın Şərqdə ciddi logistika problemləri ilə üzləşib.
ABŞ prezidenti Donald Trampın siyasətini, bir qayda olaraq, dəstəkləyən “Fox News” yazır ki, ABŞ hərbi əməliyyatların ölkə ərazisində elektrik şəbəkələrini sıradan çıxarması, təchizat zəncirlərini pozması və kritik infrastrukturu təhdid etməsi ehtimalına hazır olmalıdır.
FORTRESS adı “Federal Operations for Resilience, Troop Resources, Energy, Supply and Survivability” ifadəsinin baş hərflərindən formalaşıb. Heqsetin ötən ay imzaladığı təsis sənədində beş əsas istiqamət müəyyənləşdirilib: enerji müstəqilliyi, təchizat zəncirinin dayanıqlılığı, strateji ehtiyatlar, fiziki mühafizə və kibertəhlükəsizlik, eləcə də kosmosda və elektromaqnit spektrində dayanıqlılığın təmin edilməsi.
Pentaqonun planlaşdırıcıları genişmiqyaslı silahlı münaqişə zamanı ciddi zərər görə biləcək infrastrukturlardan asılılığı azaltmağa çalışırlar. Təklif olunan tədbirlər sırasına xarici elektrik təchizatı kəsildiyi halda hərbi bazaların öz elektrik şəbəkələrini enerji ilə təmin etməsinə imkan verəcək kiçik nüvə reaktorları və iri batareya sistemləri daxildir.
Proqram, həmçinin digər tədbirlərlə yanaşı, fövqəladə vəziyyət yarandıqda mülki fabriklərin müdafiə sənayesi üçün məhsul istehsalına keçməyə hazır olmasını da nəzərdə tutur.
Məlumat ABŞ-də aralıq seçkilərə iki həftədən də az vaxt qalmış yayılıb. Rəy sorğuları hakim Respublikaçılar Partiyasının seçkilərdə ciddi itkilərlə üzləşə biləcəyini göstərir. İrana qarşı müharibə və bunun nəticəsində yanacağın qiymətinin artması müxalifət namizədlərinə dəstəyin yüksəlməsinə təsir edən əsas amillər sırasındadır.
Donald Trampın açıqlamaları ABŞ-nin İranla müharibəni aralıq seçkilərdən qısa müddət sonra, hətta seçkilərdən əvvəl də genişləndirə biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.
“NBC News” telekanalının məlumatına görə, Vaşinqton Yaxın Şərqdə mümkün yeni hava hücumları əməliyyatından əvvəl regiondakı bəzi hərbi bazalardan şəxsi heyətini çıxarıb.
Vural









