Azərbaycan Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirir
Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı ölkəmizin beynəlxalq enerji bazarlarında artan rolunu bir daha diqqətə çatdırıb.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, son illərdə Azərbaycanın enerji sektoruna cəlb edilən investisiyaların artması təbii qaz hasilatının genişlənməsinə və ölkəmizin beynəlxalq bazarlardakı mövqeyinin möhkəmlənməsinə şərait yaradıb.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanda təbii qaz hasilatı əvvəlki illə müqayisədə 2,4 faiz artaraq 51,5 milyard kubmetrə çatıb. Bu ilin yanvar-sentyabr aylarında isə ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Həmin dövrdə 18,4 milyard kubmetr qaz ixrac olunub.
İxracın coğrafiyasına toxunan Vüqar Bayramov qeyd edib ki, hesabat dövründə Avropaya 8,6 milyard, Türkiyəyə 7 milyard, Gürcüstana 1,6 milyard, digər ölkələrə isə 1,2 milyard kubmetr təbii qaz nəql edilib. Bu göstəricilər Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunun qorunub saxlanıldığını və tərəfdaş ölkələrlə enerji əməkdaşlığının genişləndiyini göstərir.
Deputat vurğulayıb ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz nəql edir və həmin ölkələrin 12-si Avropa İttifaqının üzvüdür. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş olduğunu təsdiqləyir.
Vüqar Bayramovun fikrincə, Azərbaycanın Avropanın qaz idxalında ən böyük beş təchizatçıdan biri olması ölkəmizin beynəlxalq enerji bazarındakı əhəmiyyətini artırır. Enerji təchizatının şaxələndirilməsinə ehtiyacın yüksək olduğu bir şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın regional və beynəlxalq mövqelərinin güclənməsinə töhfə verir. Təbii qaz alan ölkələrin sayının artması Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və ölkəmizin geosiyasi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərir.
Azərbaycanın zəngin təbii qaz ehtiyatlarına malik olması da uzunmüddətli enerji əməkdaşlığı üçün geniş imkanlar yaradır. Deputatın diqqətə çatdırdığı kimi, ölkəmizin kəşf edilmiş qaz ehtiyatları təxminən 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu resurslar daxili tələbatın ödənilməsi ilə yanaşı, tərəfdaş ölkələrin enerji ehtiyaclarının uzunmüddətli perspektivdə qarşılanmasına da imkan verir.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan ənənəvi enerji resursları ilə zəngin ölkə olmaqla yanaşı, bərpa olunan enerji sahəsində də ardıcıl addımlar atır. Son illərdə bu istiqamətə 1 milyard dollardan artıq investisiyanın cəlb edilməsi ölkədə enerji keçidinin sürətləndirilməsi baxımından mühüm göstəricidir.
Deputatın sözlərinə görə, Azərbaycanın enerji strategiyası ənənəvi enerji resurslarının ixracı ilə məhdudlaşmır. Bərpa olunan enerji mənbələrinin inkişafı və yaşıl enerji layihələrinin reallaşdırılması ölkəmizin gələcəkdə Avropa bazarına elektrik enerjisi ixrac etmək imkanlarını genişləndirir.
Beləliklə, Azərbaycanın enerji sektorunda həyata keçirdiyi siyasət həm təbii qaz ixracının davamlılığını təmin etməyə, həm də yaşıl enerji sahəsində yeni əməkdaşlıq imkanları yaratmağa xidmət edir. Bu yanaşma ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin daha da güclənməsinə və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin artmasına şərait yaradır.
Mələk Onur









