media-iran

“Dinimə söyən müsəlman olsa barı” məsəli İranın azərbaycanlı qızlara “azad təhsil mühiti” yaratmaq vədi ilə yenidən gündəmə gəlib.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın azərbaycanlı qızları İran universitetlərinə dəvət etməsini tənqid edib.

Asif Nərimanlı bildirib ki, İranda milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququ illərdir təmin edilmir. Onun sözlərinə görə, bu hüquq ölkə konstitusiyasının 15-ci maddəsində təsbit olunsa da, faktiki olaraq həyata keçirilmir.

Siyasi təhlilçi qeyd edib ki, Məsud Pezeşkian prezident seçilərkən konstitusiyanın 15-ci maddəsinin icra olunacağına dair vədlər versə də, bu vədlərin reallaşmasına imkan verilməyəcəyi əvvəlcədən bəlli idi.

Onun fikrincə, İranlı nazirin azərbaycanlı qızlara “azad təhsil mühiti” vəd etməsi təkcə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi deyil, həm də İran hakimiyyətini gülünc vəziyyətə salır.

Asif Nərimanlı Güney Azərbaycandan olan bir xanımın nazirə ünvanladığı suallara da diqqət çəkib.

“Babaye vəzir, azərbaycanlı qızlar İranda hansı dildə təhsil alacaq? Onlara Azərbaycan dilində mədrəsə, məktəb edə bilirsinizsə, niyə biz ana dilimizdə təhsil ala bilmirik?” – deyə xanım Hüseyn Simayi Sərrafa müraciət edib.

Siyasi təhlilçinin fikrincə, bu suallar İranda yaradıldığı iddia edilən “azad təhsil mühitinin” real mənzərəsini ortaya qoyur.

O vurğulayıb ki, İrana dəvət edilən azərbaycanlı qızların nəinki Azərbaycan dilində, hətta normal təhsil ala biləcəkləri belə sual altındadır. Asif Nərimanlının qənaətinə görə, həmin dəvətin arxasında başqa məqsədlər də dayana bilər. O, azərbaycanlı qızların Qum şəhərində azərbaycanlılardan ibarət yaradılmış şəbəkəyə cəlb edilməsinin hədəfləndiyini, bunun ən yaxşı halda mümkün ssenari olduğunu bildirib.

Siyasi təhlilçi İran nazirinin “azad təhsil mühiti” ifadəsinin başqa bir ziddiyyətə də diqqət çəkdiyini qeyd edib. Onun sözlərinə görə, İranda hicab məcburiyyətinə qarşı çıxan qızların təhsil hüququ məhdudlaşdırılır, ölkədə qadınların hüquqları ilə bağlı ciddi problemlər mövcuddur.

Asif Nərimanlı bu kontekstdə İran cəmiyyətində qadınların hüquqları uğrunda mübarizənin simvollarına çevrilmiş Məhsa Əmininin və “İran küçələrinin qızları” kimi tanınan etirazçıların taleyini xatırladıb.

Siyasi təhlilçi hesab edir ki, İranlı nazirin dəvətinə adekvat cavab Azərbaycanın da hicab məcburiyyətinə qarşı çıxdıqları üçün İranda təhsil hüququndan məhrum edilən qızları ölkəyə dəvət etməsi ola bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər