Makron sosial media platformlarını hədəf aldı
Fransa Prezidenti Emmanuel Makron Sarı jiletlilərin etirazlarından zərər çəkən cənubdakı Marsel şəhərinə səfər edib.
ERAmedia xəbər verir ki, etirazlar zamanı zərər görən Marsel bələdiyyə binasına gələn Makron burada şəhərin meri Benua Payanla görüşüb.
Makron Marseldə mətbuata açıqlamasında Sarı jiletlilərin etirazlarını dəyərləndirib.
O, həftəsonu keçirilən aksiyalar zamanı 80 mağazanın zərər gördüyünü bildirib. Oktyabrın 31-də yenidən küçələrə çıxmağa hazırlaşan Sarı jiletlilərin aksiyalarına toxunan Makron deyib: “Gələn şənbə gününün riskli olacağını bilirik”.
Prezident bütün həmkarlar ittifaqlarının noyabrın 5-də ölkə üzrə nümayişlər keçirəcəyini xatırladaraq, aksiyalar zamanı vətəndaşların, əmlakın, şəhər mərkəzlərinin, mağazaların və dövlət binalarının qorunması üçün tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Makron həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişlər üçün marşrutların müəyyənləşdirilməsinin davam edəcəyini qeyd edib. O bildirib ki, nümayişlərin sakit şəraitdə keçməsi və mağazaların təhlükə ilə üzləşməməsi üçün aksiyalar şəhər mərkəzlərindən kənarda keçiriləcək.
Fransa Prezidenti oktyabrın 17-də Marseldə baş verən hadisələr zamanı digər ərazilərdə də kifayət qədər hüquq-mühafizə əməkdaşının olmadığını etiraf edib.
“Baş verənləri əvvəlcədən proqnozlaşdıra bilməmişdik. Oktyabrın 17-də bu qədər ifrat solçu qüvvənin səhər tezdən səfərbər olacağını gözləmirdik”, – deyə Makron bildirib.
O, ölkədə fövqəladə vəziyyət elan etmədən ictimai asayişin qorunmasının təmin edildiyini qeyd edib. Makron, həmçinin hökumətə lisey şagirdlərinin haqlı tələblərinə cavab verilməsi barədə göstəriş verdiyini bildirib.
Etirazlar zamanı baş verən zorakılıq və talan hadisələrinə toxunan Makron sosial media platformalarını tənqid edib.
“Sosial media bu hadisələrdə rol oynayırmı? Əlbəttə. Sosial media demokratiyalarımıza zərər vurur, çünki cəmiyyətdə qütbləşməni gücləndirir və zorakılıq səhnələri qarşısında insanlarda bir növ hissiyyatsızlıq yaradır”, – deyə o vurğulayıb.
Makron oktyabrın 17-də keçirilən aksiyalar zamanı sosial media platformalarından insanları hücum və talan hadisələrinin baş verdiyi ərazilərə çağırmaq üçün istifadə edildiyini bildirib. O, bu platformalarda insanların reallıq hissindən uzaqlaşdığını və zorakılığın qəhrəmanlaşdırıldığını qeyd edib.
“Bu dövrəni qırmalıyıq”, – deyən Makron dövlət qurumlarının qorunmasının, fikir ayrılıqlarına hörmətlə yanaşılmasının, siyasi və sosial məsələlərdə razılığa gəlinməsinin vacibliyini vurğulayıb.
Prezident seçkilərinə altı ay qaldığını xatırladan Makron bildirib ki, indi zorakılığın deyil, danışıqların vaxtıdır.
Marsel meri Benua Payan isə nümayişçilərin ətrafı dağıdan şəxslərlə eyniləşdirilməməli olduğunu vurğulayıb. O, dağıntılara və zorakılığa yol verən şəxslərin yerinin məhkəmə qarşısı olduğunu deyib.
Hüquqi dövlətin respublikanın təməlini təşkil etdiyini bildirən Payan mövcud böhrandan çıxmağın vacibliyini qeyd edib.
Xatırladaq ki, həyat bahalılığına etiraz edən Sarı jiletlilər oktyabrın 17-də və 24-də Fransanın müxtəlif şəhərlərində aksiyalar keçiriblər.
Vüsalə










