media-1774162210_netanyahu-aa-2380565

İsraildə keçirilən parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun məğlubiyyət ehtimalı yüksək ola bilər.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu İsraildəki seçkiqabağı vəziyyəti təhlil edərək Netanyahunun seçkilərdə uduzacağını ehtimal etdiyini bildirib.

Jurnalist qeyd edib ki, seçkilərin nəticəsi ilə bağlı qəti fikir söyləmək çətin olsa da, son dövrdə baş verən hadisələr Netanyahunun mövqelərinin zəiflədiyini göstərir. O, Braziliyada keçirilən seçkiləri nümunə göstərərək bildirib ki, müasir siyasi proseslərdə seçkilərin taleyi qısa müddətdə dəyişə bilər. Belə ki, Braziliyada Luiz İnasio Lula da Silva ilk turda rəqibindən geri qalsa da, ikinci turda qalib gəlmişdi.

Kənan Rövşənoğlu vurğulayıb ki, onun Netanyahunun mümkün məğlubiyyəti ilə bağlı qənaəti İsrail baş nazirinin ölkəyə vurduğu zərər, davamlı müharibə və nifrət siyasəti ilə bağlı qiymətləndirmələrindən fərqlidir. Jurnalistin fikrincə, seçkiqabağı dövrdə baş verən bir sıra hadisələr Netanyahunun siyasi perspektivlərinin zəiflədiyini göstərir.

Araşdırmaçı jurnalist bu baxımdan üç əsas məqama diqqət çəkib.

Birinci amil seçkiqabağı rəy sorğularının nəticələridir. Kənan Rövşənoğlunun sözlərinə görə, son günlərdə keçirilən sorğularda Netanyahu əsas rəqibindən ən azı 6-7 faiz geri qalır. Bu göstərici seçkilərdə onun üçün ciddi çətinliklərin yarana biləcəyinə işarə edir.

İkinci amil Netanyahunun uzun müddət yaxın münasibətlər saxladığı milyarder, Ümumdünya Yəhudi Konqresinin sədri Ronald Lauderin mövqeyidir. Jurnalist bildirib ki, Lauder ilk dəfə Netanyahunun əleyhinə çıxaraq israilliləri ona qarşı səs verməyə çağırıb. Kənan Rövşənoğlu bunu İsrailin siyasi və ictimai dairələrində baş verən dəyişikliklərin əlaməti kimi qiymətləndirib.

Üçüncü amil isə İsrail ordusunun rəhbərliyi ilə bağlı yayılan məlumatdır. Jurnalistin diqqətə çatdırdığı xəbərə görə, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Netanyahunun İrana hücum hazırlığı ilə bağlı əmrini icra etməkdən imtina edib. Kənan Rövşənoğlu bu məlumatı doğru olduğu təqdirdə, hərbi rəhbərliklə hökumət arasında ciddi fikir ayrılıqlarının göstəricisi kimi şərh edir.

Araşdırmaçı jurnalistin fikrincə, sorğuların nəticələri, Ronald Lauderin mövqeyi və ordu rəhbərliyi ilə bağlı yayılan məlumatlar birlikdə Netanyahunun seçkilərdəki vəziyyətinin mürəkkəb olduğunu göstərir.

Kənan Rövşənoğlu hesab edir ki, bu üç amil Netanyahunun seçkilərdə məğlub ola biləcəyini düşünməyə əsas verir. Bununla belə, seçkilərin yekun nəticəsini əvvəlcədən qəti şəkildə proqnozlaşdırmaq çətindir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər