İnsan öyrəndikcə beyni fiziki olaraq dəyişir: Neyronlar necə işləyir?
İnsan beynində təxminən 86 milyard neyron fəaliyyət göstərir və bu hüceyrələr insanın öyrənmə, yaddaş, düşünmə və davranış proseslərinin əsasını təşkil edir.
ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva yeni biliklər əldə edərkən beyində baş verən dəyişikliklərdən, neyronlar arasında yaranan əlaqələrdən və bu prosesin insanın formalaşmasındakı rolundan bəhs edib.
Arzu Qazıyevanın sözlərinə görə, yeni bir məlumat öyrənərkən beynimizdə mürəkkəb bioloji proseslər baş verir. Bu prosesdə neyronlar bir-biri ilə əlaqə yaradır, mövcud əlaqələr möhkəmlənir və yaddaşın formalaşması üçün zəmin yaranır.
O bildirib ki, neyronlar xüsusi uzantıları vasitəsilə qonşu hüceyrələrlə əlaqə qururlar. Öyrənmə zamanı bu əlaqələrdə baş verən dəyişikliklər beynin neyron şəbəkəsini yenidən təşkil edir. Beləliklə, insan yeni bilik əldə etməklə təkcə informasiya toplamır, eyni zamanda beyninin strukturunda da dəyişikliklərə səbəb olur.
Araşdırmaçı jurnalist qeyd edib ki, neyronların uzantılarının ucunda böyümə konusu adlanan xüsusi struktur yerləşir. Bu struktur ətraf mühitdən gələn kimyəvi siqnallara reaksiya verir və neyron uzantılarının istiqamətlənməsində mühüm rol oynayır.
Arzu Qazıyevanın diqqətə çatdırdığına görə, neyronlar arasında əlaqənin əsasını sinapslar təşkil edir. Sinapslar bir neyronun digərinə siqnal ötürməsini təmin edən xüsusi əlaqə nöqtələridir. Öyrənmə və yaddaş prosesində bu əlaqələrin gücü və effektivliyi dəyişə, yeni sinaptik əlaqələr yarana bilər. Nəticədə neyron şəbəkəsi yeni məlumatlara uyğunlaşır.
O vurğulayıb ki, tədris və öyrənmə prosesi yalnız məlumatın mənimsənilməsi ilə məhdudlaşmır. Bu proses zamanı beynin fəaliyyəti və neyronlar arasındakı əlaqələr də dəyişir. Başqa sözlə, hər yeni bilik beynimizdə müəyyən iz buraxır.
Araşdırmaçı jurnalist hesab edir ki, öyrənməyin ən maraqlı tərəflərindən biri də məhz budur: insan yeni bilik əldə etdikcə yalnız ətraf aləmi daha yaxşı tanımır, həm də öz beyninin inkişafına təsir göstərir.
Arzu Qazıyeva bildirib ki, beyin insan orqanizminin ümumi çəkisinin təxminən 2 faizini təşkil etsə də, onun fəaliyyəti insanın düşüncəsinə, davranışına və dünyagörüşünə birbaşa təsir edir. Beyində baş verən dəyişikliklər insanın məlumatları qavrama və ətraf aləmə münasibət formalaşdırma tərzində də özünü göstərə bilər.
Onun sözlərinə görə, insanın ömrünün sonuna qədər öyrənməsi təsadüfi deyil. Beyin yeni biliklərə uyğunlaşmaq, əlaqələri möhkəmləndirmək və yeni bacarıqlar formalaşdırmaq qabiliyyətinə malikdir. Bu baxımdan mütaliə, təhsil və davamlı öyrənmə insanın intellektual inkişafının mühüm şərtlərindəndir.
Arzu Qazıyevanın fikirlərindən belə nəticəyə gəlmək olar ki, oxumaq və öyrənmək sadəcə yeni məlumatlar qazanmaq deyil, həm də insanın özünü və beynini yenidən formalaşdırması prosesidir. Bəlkə də insanın ömrünün sonuna qədər öyrənməsinin ən mühüm səbəbi elə budur.
Mələk Onur










