media-c71d42d0-faf8-41b4-bd6d-0c325b50fade
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
1991-ci ildə ölkədə mövcud olan iqtisadi və siyasi böhran getdikcə daha ciddi səkil almışdı. Azadlıq və müstəqillik duyğularının cəmiyyətin ruhuna hakim kəsilməsi fonunda siyasi sistemə və mövcud rejimə qarşı kütləvi etiraz aksiyaları keçirilirdi. Bütün bunlarla bərabər, ölkədə həm də sözün həqiqi mənasında bir “qəzet bumu” yaşanırdı. Bir – birinin ardınca nəşrə başlayan müstəqil qəzetlərin hadisə və proseslərə fəal müdaxiləsi, mətbu sözün cəmiyyətdə artan nüfuzu insanların qəzetlərə marağını daha da artırmışdı.
media-azerbaycan-nesriyyati
Elə buna görə də hər səhər qəzet köşkləri qarşısında uzun növbələr olurdu. Həmin vaxt biz də bütün məlumatları dövrün qəzetlərindən alırdıq. Universitet yataqxanasında yaşayan və təbii ki, televizoru olmayan bizim kimi tələbələr üçün bu informasiyaları almağın yeganə mənbəyi qəzetlər idi. Hər səhər Universitet yataqxanasından birbaşa Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz qəzet köşkünə yürümək, uzun – uzadı növbəyə durub ən azı 3 qəzet almaq üçün dərsə gecikib bəzi müəllimlərdən danlaq və “qaib” almaq bahasına olsa da, informasiya almaq tələbatımı ödəyirdim. Hələ o dövrün kasıb tələbəsi üçün hər gün aldığı qəzetlərin onsuz da məhdud olan tələbə büdcəsinə vurduğu maddi zərəri demirəm!
Dövrün ab-havası rəsmi mətbuat orqanlarının da fəaliyyətində ciddi dönüş və demokratik açılım yaratmışdı. Xüsusən, “Azərbaycan gəncləri” qəzeti biz tələbə – gənclərin əsas tribunasına çevrilmişdi. Şəxsən mən “Azərbaycan gəncləri”, həmçinin yeni yaradılan müstəqil qəzetlərlə fəal əməkdaşlıq edir, seçdiyim peşənin sirlərinə daha dərindən vaqif olmağa can atırdım. Yeri gəlmişkən, o vaxtlar şəxsən mənə və digər tələbə yoldaşlarımıza isti qucaq açan, yazılarımızı səxavətlə çap edib bizi yazıb -yaratmağa ruhlandıran “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru Yusif Kərimovu, şöbə müdiri Xudayət Həsənlini , qəzetin əməkdaşları olan istedadlı qələm adamları və nurlu şəxsiyyətlər – rəhmətlik Araz Zeynalovu, Adil Qaçayoglunu böyük sevgi və ehtiram hissi ilə xatırlayıram.
media-1
Bu sırada “Aydınlıq” qəzetinin yaradıcılarından olan Məmməd Nazimoğlunun, “Yeni fikir” qəzetinin baş redaktoru Taleh Həmidin də ruhu qarşısında baş əyir, əziz xatirələrini minnətdarlıq duyğusu ilə yad edirəm. Ümumiyyətlə, mənim aləmimdə insana xas olan ən müsbət xüsusiyyətlərdən biri də qədirşünaslıqdır. Nankorluq və unutqanlıq isə böyük bəladır.
media-612171086_1548503746425492_7013930870763418782_n
Ona görə də həmişə üzərimdə hansısa əməyi, zərrəcə haqqı-sayı olan insanların gücüm və imkanım daxilində haqqını verməyi müqəddəs borcum bilmişəm və ömrümün sonuna qədər də belə olacaq…
…Beləcə, gecə -gündüz çalısır, qəzetlərə yazır, az – çox da qonarar alırdım. Ən əsası qələmimi təkmilləşdirir, peşəkarlığımı artırır, çox zaman da nəcib və xeyirxah insanlarla qarşılaşırdım…
…Əvvəldə dediyim kimi, jurnalistika fakültəsində ixtisas bölgüsü üzrə radio qrupunda olsam da, nə vaxtsa radioda, televiziyada çalışmaq heç ağlımın ucundan belə keçmirdi. Ta ki, taleyimi teleradio jurnalistikası ilə bağlamağa vəsilə olan o böyük şəxsiyyət və peşəkar ustadla rastlaşanadək!
Bu barədə növbəti yazılarda …
ARDI VAR…

media-adspc

Bənzər xəbərlər