media-konstitusiya_kitabi

Kitabsız cəmiyyət ola bilməz və cəmiyyətin ən müqəddəs kitabı məhz Konstitusiyadır.

ERAmedia-nın məlumatına görə, politoloq Əziz Əlibəyli bu fikirləri Konstitusiyanın cəmiyyətdəki rolu, hüququn aliliyi və ictimai münasibətlərin vəziyyəti ilə bağlı açıqlamasında səsləndirib.

O bildirib ki, Konstitusiyadan kənarda qalan heç bir kitab ədalət gücünü onun qədər təmsil edə bilməz. Politoloqun fikrincə, Konstitusiya yalnız cəmiyyət qurmağı bacaran toplumlar üçün əsl nemətdir. Lakin Azərbaycan cəmiyyətində Ana Qanununun müddəaları bəzən ictimai adət və ənənələrə qurban verilir.

Əziz Əlibəyli hesab edir ki, bu yanaşma toplum olaraq cəmiyyət anlayışını və hüququn üstünlüyü prinsipini tam mənimsəmədiyimizi göstərir.

O, Azərbaycan Konstitusiyasının hazırlanmasında iştirak edən şəxslərin əməyini də yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Konstitusiyası sözün bütün mənalarında xalq Konstitusiyasıdır. Çünki ictimaiyyət nümayəndələrinin 1400-dən artıq təklifi nəzərə alınaraq əsas qanunda öz əksini tapıb.

Politoloq vurğulayıb ki, müxtəlif dövrlərdə cəmiyyətlərdə tərəqqi və tənəzzül prosesləri qaçılmazdır. Bu proseslərin qiymətləndirilməsində isə çox zaman iqtisadi inkişaf göstəriciləri əsas götürülür. Halbuki mənəvi aşınma uzunmüddətli perspektivdə cəmiyyət üçün daha dağıdıcı nəticələr doğura bilər.

Əziz Əlibəylinin fikrincə, tənəzzülün ən dərin mərhələsində belə insanların və cəmiyyətlərin müəyyən mənəvi dəyərlərə, gözəlliyə və estetik duyğulara ehtiyacı qalır. O, bu kontekstdə Afrodita obrazına istinad edərək, mənəvi ehtiyacların cəmiyyət həyatındakı yerinə diqqət çəkib.

Politoloq hüququn məcburedici xarakterinə də toxunaraq bildirib ki, qanunu heç kim sevməsə də, onun tələblərinə riayət etmək ilkin mərhələdə belə insanın ləyaqətli yaşamasına zəmin yarada bilər.

Onun fikirlərindən belə nəticəyə gəlmək olar ki, hüququn aliliyi yalnız qanunların mövcudluğu ilə deyil, cəmiyyətin həmin qanunlara münasibəti, onları gündəlik həyatında rəhbər tutması və ictimai adətləri hüquqi normalardan üstün tutmaması ilə təmin edilir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər