İsrail ABŞ-ı xəbərdar etdi: İrandan qəfil raket zərbəsi riski
İsrail İrana məxsus hərbi təlimlər pərdəsi altında mümkün hücum riski barədə ABŞ administrasiyasını məlumatlandırıb və müdafiə sahəsində sıx koordinasiyaya çağırıb.
ERAmedia-nın məlumatına görə, bu barədə “Axios” nəşri mənbələrə istinadən xəbər verir.
“Axios”un məlumatına görə, Təl-Əviv Vaşinqtona İrandan mümkün zərbə təhlükəsi barədə xəbərdarlıq edib. Bildirilir ki, belə bir hücum hərbi təlimlər adı altında gizlədilə bilər.
Kəşfiyyat məlumatları hazırda yalnız qüvvələrin ölkə daxilində yerini dəyişdiyini göstərsə də, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail Müdafiə Qüvvələri (ÇAXAL) risklərə qarşı dözümlülük həddini aşağı salıb.
Mənbələrdən biri bildirib ki, “İranın hücum ehtimalı 50 faizdən aşağıdır, lakin heç kim risk edib bunun sadəcə təlim olduğunu deməyə hazır deyil”. ABŞ kəşfiyyatı isə hələlik qaçılmaz hücum əlamətləri görmədiyini açıqlayıb.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperlə əlaqə saxlayaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket təlimləri və onların qəfil hücum üçün örtük ola biləcəyi ehtimalı barədə xəbərdarlıq edib.
Zamir müdafiə tədbirlərinin sıx şəkildə əlaqələndirilməsinə çağırıb. Admiral Kuperin iştirakı ilə Təl-Əvivdə ÇAXAL-ın yüksək rütbəli nümayəndələri ilə görüş keçirilib.
“Axios”un mənbələri vurğulayıb ki, ən böyük təhlükə yanlış hesablamadır, tərəflərdən hər biri qarşı tərəfin hücuma hazırlaşdığını düşünərək qabaqlayıcı addım ata bilər.
İsrail kəşfiyyatı İranın ballistik potensialını yenidən artırdığını qeydə alır. İyunda baş vermiş 12 günlük müharibədən sonra ölkə raket arsenalını 3000-dən 1500-ə, buraxılış qurğularının sayını isə 400-dən 200-ə endirib.
Hazırda hərbi imkanların bərpası istiqamətində addımlar atılır, lakin hələlik müharibədən əvvəlki səviyyəyə çatmayıb.
İsrail kəşfiyyatı və “Mossad” hesab edir ki, yaxın iki-üç ay ərzində hərbi tədbirlərə ehtiyac yoxdur, lakin daha sonrakı dövrdə bu məsələ aktuallaşa bilər.
İsrailin baş naziri vəziyyəti 2025-ci ilin dekabr ayının sonunda ABŞ prezidenti ilə müzakirə etməyi planlaşdırır.
Vural










