media-f3dd6c9d-4399-49b0-afea-f26ffaec409e
media-bant_master

NATO-nun tədarük qurumunda aparılan korrupsiya araşdırması çərçivəsində İsrailin ən böyük müdafiə şirkətlərindən biri olan “Elbit Systems”in bir sıra müqavilələri dayandırılıb və şirkətin yeni tenderlərdə iştirakı müvəqqəti olaraq qadağan edilib.

ERAmedia xəbər verir ki, “Follow the Money” (FTM) nəşrinin məlumatına görə, 31 iyulda qəbul edilən qərarla “Elbit”in qüvvədə olan bəzi müqavilələri dondurulub və şirkətin yeni NATO tenderlərinə çıxışı məhdudlaşdırılıb.

Araşdırmada NATO-nun Tədarük və Dəstək Agentliyi (NSPA) daxilində rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları araşdırılır. Belçika və ABŞ da daxil olmaqla yeddi ölkədə may ayında keçirilən polis reydlərində hazırkı və keçmiş NSPA əməkdaşları şübhəli qismində saxlanılıb.

Rəsmi qurumlara görə, bəzi müdafiə şirkətləri NATO və üzv ölkələrə tədarük müqabilində milyonlarla avro rüşvət vermiş ola bilər.

Sənədlər “Elbit”in NATO-nun əsas tədarükçülərindən biri olmasına baxmayaraq, şirkətin bir sıra müqavilələrinin dayandırıldığını göstərir. Bu müqavilələr obüslər üçün sursat, mobil reaktiv artilleriya sistemləri, həmçinin hərbi təyyarə və helikopterlər üçün müdafiə sistemlərini əhatə edir.

“Elbit”in törəmə şirkəti Orion Advanced Systems-ə məxsus partlayıcı detonator müqavilələri də dondurulub. Bununla yanaşı, iddialarla birbaşa əlaqəsi olmayan bəzi müqavilələrin icrasına davam etməsinə icazə verildiyi bildirilir.

“Follow the Money”in məlumatına görə, “Elbit”lə əlaqəli olduğu iddia edilən italiyalı Eliau Eluasvili barəsində 30 sentyabrda İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.

Belçika Federal Prokurorluğu Eliau Eluasvilinin rüşvət və cinayətkar təşkilata üzvlük ittihamları ilə axtarıldığını təsdiqləyib. 60 yaşlı şübhəlinin hələ də azadlıqda olduğu və saxta kimliklə səyahət edə biləcəyi qeyd olunur.

“Elbit” ilə Eliau Eluasvili arasında ictimai şəkildə təsdiqlənmiş birbaşa əlaqə olmasa da, araşdırmaya yaxın mənbələr onun şirkətə məsləhətçi xidmətləri göstərdiyini iddia edir.

Eliau Eluasvilinin ABŞ, Litva və Yunanıstanda qeydiyyatdan keçmiş müdafiə konsaltinq şirkətləri var. Bu şirkətlərin araşdırılan işlə nə dərəcədə bağlı olduğu hələlik məlum deyil.

Məlumatlara görə, Eliau Eluasvili Belçikadakı araşdırmanın əsas fiqurlarından biri sayılan, keçmiş NSPA əməkdaşı və sabiq Belçika müdafiə rəsmisi Guy M. ilə sıx təmasda olub.

Guy M. 2025-ci ilin may ayında həbs edilib və təxminən altı ay həbsdə qaldıqdan sonra elektron qolbaq şərtilə azadlığa buraxılıb. Prokurorluğa görə, onun rəhbərlik etdiyi rüşvət sxeminin həcmi 1,9 milyon avro təşkil edir.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər