Jurnalistin bu sualı Trampı qəzəbləndirdi: "Siz axmaq insansınız!"
Ağ Evə yaxın ərazidə iki Milli Qvardiya hərbçisinin güllələnməsində şübhəli bilinən 29 yaşlı Əfqanıstan əsilli ABŞ vətəndaşı Rahmanullah Lakanvalın 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan qəfil çıxarılmasının ardından ölkəyə gətirildiyi iddia olunur.
ERAmedia xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şükran Günü münasibətilə qoşunlarla keçirdiyi video görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistlərdən biri ABŞ-a qəbul edilən əfqan qaçqınlarının təhlükəsizlik yoxlamalarından keçdiyini bildirib. Bu, prezidentin kəskin reaksiyasına səbəb olub. İsrarlı suallardan sonra Tramp jurnalistə “Siz axmaq insansınız?” deyə cavab verib, “Çünki minlərlə adam təyyarə ilə buraya gətirildi və onların heç biri burada olmamalı idi”, – deyə o əlavə edib.
Tramp ikinci müddətə vəzifəyə başladıqdan qısa müddət sonra ölkədə əfqan qaçqınlarının yerləşdirilməsini dayandırmaq üçün addımlar atıb və sonradan həmin ölkədən səfərlərə məhdudiyyət tətbiq edib.
Noyabrın 26-da baş verən hücumdan sonra Tramp administrasiyası bir addım da irəli gedərək təhlükəsizlik yoxlama protokolları yenidən nəzərdən keçirilənədək “əfqan vətəndaşlarına dair bütün immiqrasiya müraciətlərinin” dərhal və müddətsiz dayandırıldığını açıqlayıb.
ABŞ Gömrük və Miqrasiya Xidməti rəhbəri Cozef Edlovun sözlərinə görə, miqrasiya orqanları “narahatlıq doğuran bütün ölkələrdən gələn hər bir əcnəbiyə verilən yaşıl kartların tam və ciddi şəkildə yenidən araşdırılması” prosesinə başlayıb.
Əfqan müttəfiqlərinin ABŞ-a yerləşdirilməsinə yardım edən, lakin Lakanvalın məskunlaşdırılmasında iştirak etməyən “AfghanEvac” təşkilatının məlumatına görə, Lakanval Əfqanıstanda seçkin NDS-03 “terrorla mübarizə” birliyində xidmət edib. Bu birlik ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə əməkdaşlıq edən ən azı beş yarımhərbi “Sıfır birlikləri”ndən biri olub.
CIA direktoru Con Ratkliff Lakanvalın agentliklə işlədiyini təsdiqləyib, lakin hansı birliyə mənsub olduğunu açıqlamayıb. Ratkliff hücuma reaksiya verərək bildirib: “Bu şəxs və digər bir çoxları heç vaxt buraya buraxılmamalı idi”.
Yerlı hakimiyyət orqanlarının məlumatına görə, beş uşaq atası olan Lakanvalın Vaşinqton ştatından paytaxta qədər piyada gəldiyi və Ağ Evdən bir neçə kvartal aralıda pusqu quraşdıraraq hücum həyata keçirdiyi iddia olunur.
Hücum nəticəsində Qərbi Virciniya Milli Qvardiyasının 20 yaşlı üzvü Sara Bekstrom aldığı yaralardan ölüb. 24 yaşlı Endryu Volf isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Vural Həsənoğlu









