Konstitusiyamız milli dövlətçilik ideyasının və Azərbaycanın tarixi iradəsinin hüquqi ifadəsidir - Şəbnəm Həsənova
Azərbaycan Respublikasının ən ali hüquqi sənədi olan Konstitusiyanın qəbulundan 31 il ötür. Konstitusiya yalnız dövlət və cəmiyyət həyatının hansı hüquqi prinsiplər əsasında təşkil olunmalı olduğunu göstərmir. O, eyni zamanda, gələcək inkişafımızın istiqamətlərini müəyyənləşdirən, dövlətçilik düşüncəmizi və hüquqi dünyagörüşümüzü formalaşdıran fundamental sənəddir. Bu baxımdan, 12 Noyabr tarixinin mühüm siyasi-hüquqi və tarixi əhəmiyyəti var. Bu tarix yalnız ali qanunun qəbul edildiyi gün deyil, həm də müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşdırıldığı, milli suverenliyimizin konstitusion müstəvidə təsbit olunduğu əlamətdar gündür.
ERAmedia xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiyamız müstəqil Azərbaycanın yeni siyasi və hüquqi sisteminin təməlini qoydu.
“1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra qarşıda siyasi müstəqilliyi qorumaqla yanaşı, yeni idarəçilik sistemini qurmaq, milli qanunvericilik bazasını yaratmaq və dövlət institutlarını formalaşdırmaq vəzifələri dayanırdı. Belə şəraitdə Ümummilli Lider Heydər Əliyev Konstitusiyanın hazırlanmasını və qəbulunu dövlət quruculuğunun prioritet istiqaməti kimi müəyyənləşdirdi”, – deyə politoloq qeyd edib.
Konstitusiyanın preambulasında müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunmasının əsas məqsədlər kimi təsbit olunduğunu bildirən Ş.Həsənova vurğulayıb ki, Konstitusiyamız milli dövlətçilik ideyasının və Azərbaycanın tarixi iradəsinin hüquqi ifadəsidir. Onun başlıca prinsiplərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Bu prinsip dövlət hakimiyyətinin fəaliyyətini hüquqi çərçivəyə salır, insanın cəmiyyətdəki mövqeyini müəyyənləşdirir. Konstitusiya hakimiyyətin səlahiyyət və məsuliyyətini müəyyən edir, onun hüquq qarşısında cavabdehliyinə təminat verir. Sənəd milli birliyin möhkəmləndirilməsində də mühüm rol oynayır: müxtəlif etnik, dini və sosial qrupları birləşdirən cəmiyyətdə vahid siyasi-hüquqi məkan yaradır. Bərabərlik, ədalət, insan hüquqlarına hörmət və dünyəvilik prinsipləri milli həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Politoloq qeyd edib ki, dövlət suverenliyimizin bütün ərazilərimizdə bərpası konstitusion inkişafımızın sonu deyil, yeni vəzifələr müəyyənləşdirən mərhələdir. Dövlət institutlarının möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hüquqi idarəetmənin qurulması, qanunun aliliyinin və hüquq mədəniyyətinin təmin edilməsi prioritetlərdəndir. Vətəndaşların hüquqları ilə yanaşı, vəzifə və məsuliyyətlərini dərk etməsi, qanuna hörmətin gündəlik normaya çevrilməsi konstitusion dövlət quruculuğunun vacib şərtidir. Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın hazırlanması və qəbulundakı tarixi rolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin və konstitusiya quruluşumuzun bərpası istiqamətində həyata keçirilən siyasət dövlətçilik tariximizin mühüm mərhələləridir. Bu irsin gələcək nəsillərə çatdırılması və Konstitusiyaya hörmətin möhkəmləndirilməsi ümummilli məsuliyyətimizdir.
“Beləliklə, 12 Noyabr – Konstitusiya Günü yalnız keçmişə nəzər salmaq və əldə olunmuş nailiyyətləri təqdir etmək üçün deyil, həm də gələcək dövlətçilik hədəflərimizi müəyyənləşdirmək baxımından əlamətdar tarixdir. Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, suverenliyimizin normativ əsası, milli birliyimizin və gələcək inkişafımızın fundamental dayağıdır. Onun prinsiplərinə əməl etmək isə hər bir dövlət qurumunun, vəzifəli şəxsin və vətəndaşın ortaq məsuliyyətidir”, – deyə Ş.Həsənova fikrini yekunlaşdırıb.









