Liviyadan Ankarada baş verən təyyarə qəzasından sonra diqqət çəkən addım
Liviya Milli Birlik Hökuməti Ankaraya yaxın ərazidə baş verən təyyarə qəzasında Liviya Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddad da daxil olmaqla 8 nəfərin həyatını itirməsi ilə bağlı ölkədə 3 günlük milli matəm elan etdiyini açıqlayıb.
ERAmedia xəbər verir ki, Liviyanın baş naziri Abdülhamid Dibeybe ölkənin Müdafiə Nazirliyinə Ankaraya rəsmi heyət göndərilməsi və qəzaya səbəb olan şərtlərin Türkiyə rəsmiləri ilə birbaşa koordinasiya şəraitində araşdırılması tapşırığını verib.
Qəza nəticəsində həyatını itirən hərbçilərin Liviya üçün fədakarlıqla xidmət etdiyi vurğulanıb.
Xatırladaq ki, rəsmi səfərlərini tamamlayaraq ölkələrinə qayıdan 8 nəfərlik Liviya hərbi heyətini daşıyan təyyarə Ankaraya yaxın ərazidə radardan itib. Liviyanın baş naziri təyyarənin qəzaya uğradığını və Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddad, Quru Qoşunları Komandanı Al-Fayturi Qharib, Liviya Hərbi Sənaye rəhbəri Mahmud Al-Qativi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Al-Asavi Diab və Baş Qərargahın fotoqrafı Məhəmməd Ömər Əhməd Mahjoubun qəza nəticəsində həyatını itirdiyini açıqlayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə qəza ilə bağlı açıqlama verib. “Dekabrın 23-də axşam saat 20:10-da Ankara Esenboğa Hava Limanından Tripoli istiqamətinə yola düşən “Falcon 50” tipli təyyarə ilə saat 20:52-də əlaqə kəsilib. Təyyarədən Haymana ərazisində təcili eniş bildirişi alınıb, lakin sonradan təyyarə ilə yenidən əlaqə qurula bilməyib”, – nazir deyib.
Vural










