Məşhur aktrisa “Ölmək istəyirəm” deyib, dövlətə qarşı iddia qaldırdı
Kanadalı aktrisa Klare Brosso uzun müddətdir yaşadığı psixi sağlamlıq problemlərini əsas gətirərək, ölkəsinin tibbi dəstəklə həyata son vermə proqramı çərçivəsində həyatına son vermək istədiyini açıqlayıb və bu hüquq üçün hökumətə qarşı məhkəmə iddiası qaldırıb.
ERAmedia xəbər verir ki, Brosso “New York Times” qəzetinə verdiyi müsahibədə uzun müddətdir psixi sağlamlıq problemləri ilə mübarizə apardığını və tibbi dəstəklə intihar yolu ilə ölmək istədiyini bildirib.
48 yaşlı aktrisa uşaqlığından etibarən manik-depressiya, xroniki intihar düşüncələri və digər psixi problemlərlə mübarizə apardığını deyib. Brosso Kanadada Tibbi Dəstəklə Ölüm proqramı vasitəsilə ölmək hüququ üçün hökumətə qarşı məhkəmə iddiası qaldırdığını bildirib.
Montreal doğumlu və onlarla filmdə rol almış Brosso keçən il “Substack” hesabında dərc etdiyi açıq məktubunda bir neçə dəfə intihar cəhdində olduğunu və ABŞ-da müxtəlif psixiatr və məsləhətçilərdən müalicə aldığını qeyd edib.
Brosso sınadığı bir çox müalicə üsullarının vəziyyətini daha da pisləşdirdiyini, Kanadada dəstəklə intihar üçün müraciət etdiyini, lakin qanunvericilik tələblərinə görə psixi sağlamlığı tam olmayanların bu hüquqdan yararlana bilmədiyini bildirib. Bu səbəbdən o, Kanada hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə prosesi davam edərkən mütəxəssislər Brossonun 2027-ci ildə bu hüquqdan yararlana biləcəyini bildiriblər.
Əli Fərhad









