Moskvada partlayış – İki polis yaralandı
Dekabrın 24-nə keçən gecə Moskvanın cənubunda partlayış baş verib, nəticədə yol-patrul xidməti (DYP) əməkdaşlarından ikisi xəsarət alıb.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi (İK) məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, paytaxt İK-nin müstəntiqləri və kriminalistləri operativ xidmətlərlə birgə hadisə yerini müayinə edir, videomüşahidə qeydləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb, lakin maddə dəqiqləşdirilməyib.
“Baza” “Teleqram” kanalının məlumatına görə, partlayış Orехово-Borisovo rayonunda, Yeletskiy küçəsində yerləşən polis bölməsinin yaxınlığında baş verib. Xəsarət alan iki DYP əməkdaşı təcili xəstəxanaya yerləşdirilib. Yerli sakinlər həmçinin avtomobilin yanında ayaqlarından yaralanmış halda uzanan bir kişini görüblər. “Mash” və “112” “Teleqram” kanallarının hüquq-mühafizə orqanlarındakı mənbələri polislərin aldıqları xəsarətlərdən dünyasını dəyişdiyini bildiriblər.
“VÇK-OQPU”nun təhlükəsizlik strukturlarından olan mənbəsinin sözlərinə görə, gecə yarısı DYP əməkdaşlarına şübhəli şəxsi saxlayaraq polis bölməsinə gətirmək tapşırığı verilib. Onlar sonuncu dəfə komandirlə əlaqəyə, bölməyə yaxınlaşarkən və dayanacaqda daha bir şübhəli şəxslə qarşılaşdıqları zaman çıxıblar. “Mash”in məlumatına əsasən, naməlum şəxs patrul avtomobilinə əldəqayırma partlayıcı qurğu atıb və hadisə yerindən qaçıb.
“Shot”a danışan yerli sakin bildirib ki, hadisədən bir neçə dəqiqə əvvəl avtomobilini partlayışın baş verdiyi yerin yaxınlığında saxlayıb. O, polisə məxsus “Şkoda”nı, eləcə də kapüşonlu və tibbi maskalı, park edilmiş maşınlara baxan şübhəli bir kişini gördüyünü deyib. Lakin partlayış anını görmədiyini, çünki həmin vaxt artıq evinə qalxdığını qeyd edib.
Bundan iki gün əvvəl, dekabrın 22-də Orехово-Borisovodakı polis bölməsinin yaxınlığında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin 56 yaşlı rəisi, general-leytenant Fanil Sarvarovun avtomobili partlayıb. Yüksək rütbəli hərbçi həmin vaxt maşında olub və aldığı xəsarətlərdən ölüb. İK faktla bağlı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi və 222.1-ci maddəsi (ümumi təhlükəli üsulla törədilmiş qətl; partlayıcı maddələrin qanunsuz dövriyyəsi) üzrə cinayət işi açıb.
Vural









