media-dwxhbt2vo6atiyuie1qowci9tpy5pqt4

Hərb tarixində döyüş meydanında qazanılan qələbə ilə müharibənin doğurduğu səbəblərin aradan qaldırılması nəticəsində əldə olunan tam qələbə arasında mühüm fərq var.
Sabiq millət vəkili Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə məhz bu iki mərhələnin ardıcıl şəkildə tamamlanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, hərb nəzəriyyəsində mütləq qələbə rəqibin döyüş meydanında müqavimət imkanlarının qırılmasını, tam qələbə isə bununla yanaşı, müharibəni doğuran səbəblərin də aradan qaldırılmasını nəzərdə tutur.
Qulamhüseyn Əlibəyli qeyd edib ki, döyüş meydanında əldə edilən hərbi uğur avtomatik olaraq siyasi qələbəyə çevrilmir. Hərbi nəticələr düzgün siyasi addımlarla möhkəmləndirilmədikdə münaqişənin kökləri qorunub saxlanılır və müəyyən müddətdən sonra müharibə yeni formada təkrarlana bilər.
O bildirib ki, müharibənin son məqsədi yalnız rəqib ordunun məğlub edilməsi deyil, həm də davamlı və dönməz siyasi nəticənin əldə olunmasıdır. Bu baxımdan mütləq qələbə həmin yolun mühüm mərhələsi, tam qələbə isə yekunu hesab edilməlidir.
Sabiq deputatın fikrincə, İkinci Qarabağ müharibəsinin nəticələrinə bu prizmadan yanaşdıqda Azərbaycanın qələbəsinin iki mühüm mərhələdən keçdiyini görmək mümkündür.
Belə ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla yeni mərhələyə qədəm qoydu. Həmin müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin müqaviməti qırıldı, işğal altında olan ərazilərin böyük hissəsi hərbi yolla azad edildi. Ağdam, Kəlbəcər və Laçın rayonları isə əldə olunmuş razılaşmaya əsasən Azərbaycana qaytarıldı. Şuşanın azad edilməsi hərbi əməliyyatların taleyini həll etməklə yanaşı, xalqın mənəvi ruhunu da yüksəltdi.
Lakin həmin mərhələdə Qarabağın bir hissəsində separatçı qurumun və qanunsuz silahlı birləşmələrin mövcudluğu, Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi və status məsələsinin beynəlxalq gündəlikdə qalması münaqişənin tam başa çatmadığını göstərirdi.
Qulamhüseyn Əlibəylinin qənaətinə görə, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün əraziləri üzərində suverenliyinin tam bərpası bu prosesin həlledici mərhələsi oldu. Separatçı qurum fəaliyyətinə xitam verəcəyini elan etdi, qanunsuz silahlı birləşmələr tərksilah edildi. 2024-cü ildə Rusiya sülhməramlı kontingentinin də Azərbaycan ərazisindən çıxarılması ilə ölkənin suverenliyinin təmin olunması istiqamətində mühüm mərhələ tamamlandı.
Beləliklə, onun fikrincə, Azərbaycanın 2020-ci ildə qazandığı hərbi qələbə sonrakı siyasi və hüquqi addımlarla tamamlandı və mütləq qələbə tam qələbəyə çevrildi.
Qələbəni şərtləndirən əsas amillər
Sabiq millət vəkili Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillərin bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid sistem halında fəaliyyət göstərdiyini vurğulayıb.
O bildirib ki, ilk növbədə, Azərbaycan dövləti və xalqı uzun illər ərzində işğalla barışmadı, torpaqların azad edilməsi məqsədindən geri çəkilmədi. Bu məqsədə çatmaq üçün uzunmüddətli hərbi, iqtisadi və siyasi hazırlıq həyata keçirildi.
Onun sözlərinə görə, iqtisadi imkanların əhəmiyyətli hissəsinin müasir silahların alınmasına, hərbi infrastrukturun yenilənməsinə, ordunun döyüş hazırlığının və əməliyyat qabiliyyətinin yüksəldilməsinə yönəldilməsi hərbi qüvvələr nisbətinin tədricən Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu.
Qulamhüseyn Əlibəyli qeyd edib ki, bu hazırlıq yalnız silah və texnika ilə məhdudlaşmayıb. Zabit heyətinin peşəkarlığının artırılması, müasir hərb təcrübəsinin öyrənilməsi, birgə təlimlərin keçirilməsi və xüsusi təyinatlı bölmələrin imkanlarının gücləndirilməsi Azərbaycan Ordusunun keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə şərait yaradıb.
Onun fikrincə, pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silahların və müasir hərbi texnologiyaların tətbiqi döyüş əməliyyatlarının xarakterini dəyişdirərək Ermənistanın illərlə qurduğu müdafiə sisteminin effektivliyini ciddi şəkildə zəiflədib. 2016-cı ilin Aprel döyüşləri də ordunun imkanlarının sınaqdan keçirilməsi və gələcək əməliyyatlar üçün mühüm təcrübənin qazanılması baxımından əhəmiyyətli olub.
Sabiq deputat vurğulayıb ki, texnoloji üstünlüyü real qələbəyə çevirən əsas qüvvə Azərbaycan əsgəri və zabiti olub.
O bildirib ki, ən müasir silah belə onu idarə edən insanın iradəsi, peşəkarlığı və fədakarlığı olmadan gözlənilən nəticəni verə bilməz. Çətin relyef və mürəkkəb döyüş şəraitində Azərbaycan hərbçiləri yüksək döyüş ruhu, cəsarət və vətənpərvərlik nümayiş etdiriblər.
Qulamhüseyn Əlibəyli şəhidlərin və qazilərin qəhrəmanlığının Azərbaycanın Zəfər tarixində xüsusi yer tutduğunu qeyd edərək bildirib ki, bu qələbənin ən böyük mənəvi dəyəri Vətən uğrunda göstərilən fədakarlıqdır.
Hüquqi legitimlik və siyasi iradə qələbənin əsas dayaqlarından oldu
Müsahibinin fikrincə, Azərbaycanın mütləq və tam qələbəsini təmin edən mühüm amillərdən biri də siyasi məqsədin dəqiq müəyyənləşdirilməsi və bu məqsədə çatmaq üçün ardıcıl iradənin nümayiş etdirilməsi olub.
O bildirib ki, işğal dövründə Azərbaycanın əsas məqsədi beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etmək idi. Azərbaycan bu mövqeyini bütün beynəlxalq platformalarda müdafiə edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə və beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə istinad edib.
Qulamhüseyn Əlibəyli hesab edir ki, beynəlxalq vasitəçilik səylərinin uzun illər ərzində münaqişəni həll edə bilməməsi və faktiki status-kvonun qorunub saxlanılması Azərbaycanın qarşısında daha qəti addımlar atmaq zərurəti yaradıb.
Onun sözlərinə görə, məqsədin hüquqi baxımdan əsaslandırılması Azərbaycanın diplomatik mövqeyini gücləndirib, hərbi addımlarının beynəlxalq hüquq çərçivəsində izahına mühüm zəmin yaradıb. Ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması ilə həmin ərazilər üzərində faktiki nəzarətin bərpası bir-birini tamamlayan proseslər olub.
Türkiyə ilə müttəfiqlik və balanslı xarici siyasət
Sabiq millət vəkili Azərbaycanın qələbəsində xarici siyasət amilinin də mühüm rol oynadığını diqqətə çatdırıb.
O bildirib ki, Türkiyə ilə yaxın siyasi və hərbi əməkdaşlıq, Pakistanın siyasi dəstəyi Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən amillər sırasında olub.
Qulamhüseyn Əlibəylinin fikrincə, Azərbaycanın öz gücü hesabına qələbə qazanması xarici əməkdaşlığın əhəmiyyətini inkar etmək anlamına gəlmir. Burada əsas məsələ müharibə ilə bağlı qərarların qəbul edilməsinin, əməliyyatların həyata keçirilməsinin və nəticələrə görə məsuliyyətin Azərbaycan dövlətinin üzərinə düşməsidir.
O, həmçinin Azərbaycanın mürəkkəb regional və beynəlxalq şəraitdə balanslı xarici siyasət yürütməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, böyük güc mərkəzlərinin maraqlarının toqquşduğu regionda milli maraqları qorumaq diplomatik ustalıq tələb edir.
Enerji layihələri, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq nəticəsində Azərbaycanın regionun mühüm aktorlarından birinə çevrilməsi də ölkənin beynəlxalq mövqeyini möhkəmləndirən amillərdən olub.
Dövlət–xalq birliyi qələbənin mənəvi və siyasi dayağı idi
Qulamhüseyn Əlibəyli Azərbaycanın Zəfərini şərtləndirən əsas amillərdən biri kimi dövlət–xalq birliyini də xüsusi qeyd edib.
O bildirib ki, cəmiyyətin vahid milli məqsəd ətrafında birləşməsi, siyasi rəhbərliyə etimad və Azərbaycan Ordusuna ümumxalq dəstəyi ölkənin siyasi iradəsini və hərbi gücünü daha da möhkəmləndirib.
Sabiq deputatın sözlərinə görə, müxtəlif siyasi baxışlara malik insanların ərazi bütövlüyünün bərpası naminə həmrəylik nümayiş etdirməsi daxili sabitliyin qorunmasına və dövlətin diqqətini əsas məqsədə yönəltməsinə imkan yaradıb.
Müharibə günlərində minlərlə gəncin könüllü olaraq cəbhəyə getmək üçün müraciət etməsi, əhalinin orduya maddi və mənəvi dəstəyi, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində fəaliyyəti ümumxalq həmrəyliyinin bariz nümunəsi olub.
O vurğulayıb ki, ön cəbhə ilə arxa cəbhə arasında yaranan möhkəm mənəvi bağ Azərbaycan əsgərinə arxasında bütöv bir xalqın dayandığını hiss etdirib. Hərbçilərə və onların ailələrinə göstərilən diqqət, vətəndaşların məsuliyyətli davranışı və qələbəyə inam cəmiyyətin çətinliklər qarşısında dayanıqlılığını artırıb.
Qələbənin əsas sirri ardıcıllıq və strateji məqsəd idi
Sabiq millət vəkili hesab edir ki, Azərbaycanın mütləq və tam qələbəsini şərtləndirən başlıca xüsusiyyət bütün proseslərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi olub.
Onun sözlərinə görə, iqtisadi imkanlar hərbi gücə, hərbi güc döyüş üstünlüyünə, döyüş üstünlüyü siyasi nəticəyə, siyasi nəticə isə ölkənin bütün əraziləri üzərində dövlət suverenliyinin bərpasına çevrilib.
Qulamhüseyn Əlibəyli bildirib ki, bu prosesin hər bir mərhələsi əvvəlki mərhələnin nəticələrini möhkəmləndirib və yekunda Azərbaycanın qarşısında duran tarixi vəzifənin yerinə yetirilməsini təmin edib.
O əlavə edib ki, Azərbaycanın təcrübəsi aydın strateji məqsəd, ardıcıl dövlət siyasəti, güclü ordu, hüquqi legitimlik və xalq birliyinin bir araya gəldiyi halda ən mürəkkəb tarixi vəzifələrin belə həll oluna biləcəyini göstərir.
Sabiq deputatın qənaətinə görə, Qarabağ Zəfərinin tarixi əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu Zəfər həm də dövlət suverenliyinin bərpası, ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərqərar olması baxımından Azərbaycan tarixində mühüm yer tutur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər