Nə qədər zalım olsan, cəzası bir o qədər ağır olar! - TƏHLİL
Son illərdə Rusiyanın apardığı dövlət siyasəti işğalçılıq və aqresivlik xüsusiyyətlərinə əsaslanır. “Xüsusi əməliyyat” adı altında aparılsa da əslində bu Ukrayna ərazilərinin açıq şəkildə işğalının həyata keçirilməsidir. Qonşu dövlətlərin, Avropa Birliyi ölkələrinin açıq etirazı, bu işğalçılığa qarşı mübarizənin getdikcə güclənməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə Rossizm ciddi müqavimətlə üzləşəcək. 1926-cı ildə Vasili İvanov adlı Ukraynalı jurnalist ” Prometey” jurnalında yazırdı ki, Rusiyanın gücü özünü işğalda göstərir. Üzərindən 100 il keçsə də, təəssüf ki, işğal siyasəti bu gün eynilə davam edir. Eqoizm, düşdüyü bataqlıqdan çıxa bilməmək aqressiyası, güclüyəm- haqlıyam xəstəliyi Rossizm xəstəliyini getdikcə daha şiddətli edir. Moldova, Ermənistan, Gürcüstan, Pribaltika ölkələri rus caynağından xilas olmaq üçün daha ciddi mübarizə yoluna gedəcək. Əslində hər şey, gələcək üçün atılan addım insanın özünə qayıtdığı kimi Rusiyanın əkdiyi nifaq toxumları da hər keçən gün bölgədən onların təcrid olunması üçün zəmin yaradır.

Son günlərdə Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi kütləvi raket və dron hücumları – onlarla ballistik raket, o cümlədən Zircon və Iskender (M) tipli silahların istifadəsi ilə müşayiət olunan zərbələr – açıq -aşkar vandallıq aktı kimi qiymətləndirilməlidir. Bu hücumlar nəticəsində Ukraynada dinc sakinlər həlak olur, yaşayış binaları, metro stansiyaları, bazarlar və mülki infrastruktur dağıdılır. Rusiya qüvvələri şəhərin mərkəzi rayonlarını, evləri və hətta humanitar obyektləri hədəfə almaqla sadəcə hərbi deyil, mədəni və insanlıq əleyhinə vandalizm nümayiş etdirir. Atalarsa yaxşı deyib “Sirkə nə qədər tünd olsa, öz qabını sındırar”. Artıq ölkədə dərin çatlar var, sınmaq isə an məsələsidir. Payıza doğru “Oktyabr 1917” dərsi (o dövrdə də işğal siyasəti aparırdı) yenidən yaşana bilər. Tarixdən dərs çıxarmayanlar onu yenidən yaşamağa məhkumdurlar!
Tarix üzrə fəlsəfə doktoru









