media-whatsapp-image-2026-10-06-at-08-06-59

Bəzən bir insan bizi yanlış anlayanda, sadəcə fikrimizi açıqlamaqla kifayətlənmirik. Dəfələrlə izah edir, özümüzü müdafiə edir və qarşı tərəfin bizi mütləq anlamasını istəyirik.
Bunun arxasında çox vaxt sadəcə “məni başa düşsünlər” istəyi dayanmır.
Bəzi insanlarda bu ehtiyac uşaqlıqdan formalaşa bilər. Əgər insanın hissləri, niyyətləri və yaşadıqları tez-tez sorğulanıbsa —
“Bunu niyə belə hiss edirsən?”
“Sən şişirdirsən.”
“Əslində problem səndədir.”
kimi reaksiyalarla qarşılaşıbsa, zamanla öz hisslərinə və düşüncələrinə şübhə etməyə başlaya bilər.
Belə insan böyüdükdə də özünü daim izah etməyə çalışa bilər. Çünki daxilində belə bir inanc formalaşır:
“Əgər özümü kifayət qədər yaxşı izah etsəm, məni anlayacaqlar və qəbul edəcəklər.”
Bəzən isə bunun altında rədd edilmək qorxusu, günahkarlıq hissi və ya qarşı tərəfin sevgisini itirmək narahatlığı olur.
Bu səbəbdən insan haqlı olduğu halda belə üzr istəyir, “yox” dedikdən sonra uzun-uzadı açıqlama verir və başqasının narazılığını öz üzərinə götürür.
Amma sağlam münasibətdə insanın hər hissinə və qərarına uzun bir izahat verməsi məcburi deyil.
Sərhəd qoymaq üçün özünü müdafiə etməyə, “yox” demək üçün bəhanə yaratmağa, hisslərini yaşamaq üçün icazə almağa ehtiyac yoxdur.
Əlbəttə, özünü izah etmək ünsiyyətin bir hissəsidir. Problem o zaman başlayır ki, izah etmək artıq ünsiyyət yox, öz dəyərini və haqlılığını sübut etmək ehtiyacına çevrilir.
Bəzən özümüzə verməli olduğumuz sual budur:
“Mən həqiqətən anlaşılmaq istəyirəm, yoxsa qarşı tərəfin məni yanlış düşünməsinə dözə bilmirəm?”
Bu ikisi eyni şey deyil.
Və bəzən psixoloji olaraq sağalmağın bir hissəsi budur:
Hər kəs tərəfindən düzgün anlaşılmamağı qəbul etmək və buna baxmayaraq özünü itirməmək.

Günel MƏMMƏDLİ,

“LUMİNA” Erkən İnkişaf və Psixoloji Nitq Mərkəzinin rəhbəri, psixoloq

 


media-adspc

Bənzər xəbərlər