media-61a861907b6e861a861907b6e9163842497661a861907b6e661a861907b6e7

İrəvanda İran şairi Əbülqasim Firdovsinin “Şahnamə” poemasının erməni dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. Tədbirdə iştirak edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi əsərin erməni dilinə çevrilməsinin iki ölkə xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsinə və onların bir-birini daha yaxından tanımasına töhfə verəcəyini bildirib.

Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bu hadisəyə münasibət bildirərək diqqəti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi ilə Firdovsi yaradıcılığı arasındakı fərqlərə yönəldib.

Etibar Əliyev qeyd edib ki, “Şahnamə”nin erməni dilinə tərcümə olunmasında qeyri-adi heç nə yoxdur. Onun fikrincə, bu məqamda əsas diqqət çəkən məsələ Nizami Gəncəvi ilə Firdovsinin yaradıcılığının mahiyyətcə fərqli dünyagörüşlərini ifadə etməsidir.

Ekspert xatırladıb ki, Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan şairi Nizami” kitabında hər iki şairin yaradıcılığını ətraflı araşdırıb və onların arasında mühüm müqayisələr aparıb. Rəsulzadə Nizaminin fars dilində yazmasına baxmayaraq, onu Firdovsi ilə eyni ideoloji mövqedə dayanan şair hesab etməyin doğru olmadığını vurğulayıb.

Rəsulzadənin yanaşmasına görə, Nizami Gəncəvini fars şairi adlandırmaq həm mümkündür, həm də müəyyən mənada mümkün deyil. Mümkündür, çünki şair əsərlərini fars dilində yazıb, bu dilin zənginləşməsinə və inkişafına xidmət edib. Mümkün deyil, çünki Firdovsidə müşahidə olunan fars təəssübkeşliyi və milli üstünlük ideyası Nizaminin yaradıcılığında özünü göstərmir.

Rəsulzadə yazırdı ki, Firdovsi “Şahnamə”də qədim İran tarixini, dastan və əfsanələrini canlandırmaqla fars ənənələrini yaşatmağa çalışıb. Nizami isə tarixi hadisələrdən, ilk növbədə, həqiqət və gözəllik yaratmaq məqsədilə istifadə edib. Onun üçün əsas meyar etnik mənsubiyyət deyil, inanc, ədalət və mənəvi dəyərlər olub.

Kitabda iki şair arasındakı fərq İran-Turan mövzusunun işlənməsində də xüsusi vurğulanır. Rəsulzadənin təhlilinə əsasən, Firdovsi bu qarşıdurmanı İran və Turan arasında xeyir və şərin mübarizəsi kimi təqdim etdiyi halda, Nizami həmin anlayışlardan yalnız coğrafi məna çərçivəsində istifadə edib. Nizaminin yaradıcılığında ərəb və türk düşmənçiliyinə yer verilmədiyi də qeyd olunur.

Rəsulzadə bu fərqi Xosrov Pərvizin İslam peyğəmbəri Həzrət Məhəmmədin məktubuna münasibətini təsvir edən nümunə ilə də izah edir. Onun göstərdiyi kimi, Firdovsi həmin hadisəni ərəbə qarşı təhqiramiz ifadələrlə təqdim etdiyi halda, Nizami hökmdarın məktuba hörmətsizliyini mənəvi-əxlaqi baxımdan pisləyir.

Nizami Gəncəvinin bu hadisəyə münasibətini ifadə edən beyt Rəsulzadənin kitabında belə təqdim olunur:

“Elə ki, aləmi işıqlandıran ünvanı gördü,
Sanki it tutmuş adam suyu gördü”.

Rəsulzadənin müqayisəsi Nizami Gəncəvinin yaradıcılığında ümumbəşəri dəyərlərin, ədalət və mənəviyyat prinsiplərinin mühüm yer tutduğunu göstərir. Bu baxımdan, onun fikirləri Nizaminin yalnız hansı dildə yazması ilə deyil, hansı ideyaları müdafiə etməsi ilə dəyərləndirilməsinin vacibliyini önə çəkir.

Vural


media-adspc

Bənzər xəbərlər