media-photo_612444jpg-1788258422

Rusiya ilə Ukrayna arasında müharibənin Qara dənizə yayılması regionda təhlükəsizlik risklərini artırmaqla yanaşı, qlobal ərzaq təchizatına və beynəlxalq ticarətə də ciddi təsir göstərir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Qara dənizdə gəmiçiliyin və yük daşımalarının təhlükəsizliyinin təmin edilməsi Azərbaycan üçün də həyati əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, müharibədən əvvəl Ukrayna Qara dəniz vasitəsilə qlobal buğda ixracının təxminən 10 faizini, qarğıdalı ixracının isə 15 faizini təmin edirdi. Müharibə nəticəsində təchizat zəncirinin pozulması ərzaq idxalından asılı olan ölkələrə, xüsusilə Afrika və Asiyanın bəzi dövlətlərinə ciddi zərbə vurub.

Elxan Şahinoğlu qeyd edib ki, Qara dəniz qarşılıqlı liman hücumlarının həyata keçirildiyi müharibə meydanına çevrilib. Rusiya Ukraynanın taxıl ixracının böyük hissəsinin həyata keçirildiyi Odessa limanlarına zərbələri gücləndirib, Ukrayna isə öz növbəsində Rusiyanın taxıl terminallarını hədəf alıb.

Siyasi şərhçinin diqqətə çatdırdığına görə, “Reuters” agentliyinin məlumatında avqustun ortalarına qədər gəmilərə qarşı hücumların Rusiya və Ukraynanın Azov və Qara dəniz hövzələrindəki taxıl ixracı imkanlarının 97 faizdən çoxunun dayanmasına səbəb olduğu bildirilir.

O xatırladıb ki, BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş “Qara dəniz taxıl təşəbbüsü” çərçivəsində 2022-ci ilin iyulundan etibarən Ukraynanın üç limanından təxminən 33 milyon ton ərzaq məhsulu ixrac edilib. Lakin Rusiya bir il sonra razılaşmadan geri çəkilib və bununla da taxıl daşımalarının təhlükəsizliyi yenidən ciddi problemə çevrilib.

Elxan Şahinoğlu bildirib ki, hazırda Qara dənizdəki vəziyyətin sabitləşdirilməsi istiqamətində Hindistan da diplomatik fəallığını artırmağa çalışır. Ukrayna Prezidenti Vladimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra Yeni Dehlinin Qara dəniz vasitəsilə ərzaq dəhlizlərinin yaradılmasına vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.

Siyasi şərhçinin fikrincə, Hindistanın bu təşəbbüsü həm regiondakı təhlükəsizlik vəziyyəti, həm də ölkənin iqtisadi maraqları ilə əlaqədardır. Belə ki, Qara dənizdə ticarət gəmilərinə qarşı hücumlar Hindistana da birbaşa zərər vurur. Noyabrın 3-də baş verən hücumlar nəticəsində beş Hindistan vətəndaşının həlak olması, daha iki nəfərin itkin düşməsi Yeni Dehlinin narahatlığını artırıb.

Bununla yanaşı, Qara dənizdəki gərginlik Hindistanda günəbaxan yağının təchizatına da mənfi təsir göstərir. Dünyanın ən böyük bitki yağı idxalçısı olan Hindistan günəbaxan yağının böyük hissəsini Rusiya və Ukraynadan alır. Təchizat problemləri səbəbindən ölkənin bitki yağı idxalı sentyabr ayında 7 faiz azalıb. “Reuters”in məlumatına görə, bu, 2022-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.

Elxan Şahinoğlu vurğulayıb ki, liman infrastrukturuna dəyən ziyan Rusiyadan Hindistana göndərilən yüklərin daşınmasına da mane olub. Oktyabr ayında nəzərdə tutulan daşımaların böyük hissəsi ləğv edilib, digər yüklərin çatdırılması isə gecikdirilib.

Onun sözlərinə görə, Zelenski və Modi telefon danışığı zamanı Rusiyanın Qara dənizdə Ukraynanın taxıl ixracını bloklaması məsələsini də müzakirə ediblər. Yeni Dehli bu mövzunu Kreml ilə də mütəmadi şəkildə gündəmə gətirir. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar sentyabr ayında Kiyevə səfəri zamanı Qara dənizdə gəmiçiliyə və enerji infrastrukturuna zərbələrin dayandırılmasının vacibliyini vurğulayıb.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Hindistanın həm Rusiya, həm də Ukrayna ilə gəmiçiliyin təhlükəsizliyi, taxıl və enerji ixracı, eləcə də hücumların dayandırılması imkanları barədə danışıqlar aparması ölkənin daha fəal diplomatik mövqeyə keçdiyini göstərir.

Elxan Şahinoğlu Beynəlxalq Böhran Qrupunun Hindistan üzrə baş analitiki Praveen Donthinin “Al Jazeera”ya açıqlamasına da diqqət çəkib. Analitik Hindistanın son vaxtlar səssiz şəkildə fəallaşdığını, əvvəllər isə vasitəçilik rolundan çəkinərək əsasən diplomatiya və dialoqa dair çağırışlarla kifayətləndiyini bildirib.

Siyasi şərhçinin qeyd etdiyi digər məqam Hindistanın vasitəçilik təşəbbüslərinin geosiyasi məqsədləri ilə bağlıdır. Belə ki, ABŞ Prezidenti Donald Tramp Hindistanı Rusiya neftini almaqla Moskvanın müharibə səylərini maliyyələşdirməkdə ittiham edib. Hindistan isə Rusiyanın ucuz neftindən imtina etmək niyyətində olmadığını nümayiş etdirir. Bununla yanaşı, Yeni Dehli müharibənin dayandırılmasında maraqlı olduğunu göstərməyə və konkret diplomatik təkliflər irəli sürməklə beynəlxalq mövqeyini gücləndirməyə çalışır.

Elxan Şahinoğlu bildirib ki, Ukrayna oktyabrın əvvəlində Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəslə bağlı dörd təklif alıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Hindistanın təklifini ən əhatəli təşəbbüs kimi qiymətləndirib. Çünki bu təklif yalnız Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini deyil, həm də enerji infrastrukturunun qorunmasını əhatə edir.

Siyasi şərhçi hesab edir ki, Qara dənizdəki təhlükəsizlik vəziyyəti Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu hövzədə yük daşıyan gəmilərdə çalışan Azərbaycan vətəndaşlarının sayı az deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımızın riskli ərazilərdə fəaliyyət göstərməsi, onların həlak olması və ya müxtəlif dərəcəli xəsarətlər alması halları davam edir.

Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Azərbaycanın Qara dənizin təhlükəsizliyində maraqlı olmasının digər mühüm səbəbi enerji layihələridir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə alternativ enerji mənbələrini Qara dənizin dibi ilə Avropa ölkələrinə nəql etməyi planlaşdırır. Bu layihələrin reallaşması üçün dənizdə təhlükəsizliyin və sabitliyin təmin edilməsi vacib şərtlərdən biridir.

Siyasi şərhçinin qənaətinə görə, Qara dənizdə müharibənin davam etməsi təkcə Rusiya və Ukraynanın deyil, geniş coğrafiyanın iqtisadi və təhlükəsizlik maraqlarına zərbə vurur. Bu baxımdan gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, enerji və ərzaq daşımalarının bərpası, eləcə də dəniz infrastrukturuna hücumların dayandırılması beynəlxalq diplomatiyanın prioritet istiqamətlərindən birinə çevrilməlidir. Azərbaycan da həm vətəndaşlarının təhlükəsizliyi, həm də gələcək enerji və nəqliyyat layihələrinin reallaşdırılması baxımından bu prosesdə maraqlı tərəfdir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər