“Qərbi Azərbaycan folkloru” seriyasının növbəti cildi işıq üzü görüb
AMEA Folklor İnstitutunun “Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitabı – VII cild işıq üzü görüb.
ERAmedia xəbər verir ki, nəşrdə Şəmkir və Ağstafa rayonlarında məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən toplanmış folklor örnəkləri, etnoqrafik məlumatlar və söyləyici xatirələri yer alıb. Kitabda təqdim olunan materiallar 2025-2026-cı illərdə bölgəyə təşkil edilmiş folklor ezamiyyələri zamanı toplanıb. Kitab janr və məzmun baxımından rəngarəng materialların olduğu “Etnoqrafik mətnlər”, “Əfsanə və rəvayətlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Yuxugörmələr”, “İnanc-lar”, “Türkəçarələr”, “Atalar sözləri və məsəllər”, eləcə də “Söyləyicilər haqqında məlumat” bölmələrindən ibarətdir. Birinci bölmədə verilmiş “Yaylaq həyatı”nda Qərbi azərbaycanlıların ənənəvi təsərrüfat və məişət mədəniyyətinin mühüm istiqamətlərindən biri olan yaylağa köç, onun təşkili, gündəlik həyata təsiri sistemli şəkildə təsvir olunur. Toplanmış materiallar yaylağı özünəməxsus məişəti, təsərrüfat ənənələri və sosial münasibətləri olan sosial-mədəni mühit kimi səciyyələndirməyə imkan verir. Kitabda Qərbi Azərbaycanın toy və yas adətlərinə, qurban ənənələrinə, bayram mərasimlərinə də geniş yer verilib. Bu materiallarda mərasimlərin keçirilmə qaydaları, regional xüsusiyyətləri, onlarla bağlı inanclar əks olunur. Uzun müddət şifahi yaddaşda qorunmuş mərasim nümunələrinin toplanaraq elmi dövriyyəyə daxil edilməsi Qərbi azərbaycanlıların ailə-məişət münasibətlərinin, mənəvi dəyərlərinin, dini təsəvvürlərinin və kollektiv yaddaşının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Kitabın diqqətçəkən cəhətlərindən biri də Qərbi Azərbaycanda vaxtilə mövcud olmuş pir və seyid ocaqları haqqında zəngin məlumatların yer almasıdır. Nəşrdə Həmzə pir, Hacı Mahmud Əfəndi, Hacı Xəlil Əfəndi, Miskin Abdal, Seyid Bayram, Zimmi seyidləri, Qızılvəngli Seyid Əli, Ağbulaqlı Seyid Mirəli və Seyid Nağı kimi bölgə sakinləri üçün mühüm ziyarətlərə çevrilmiş ocaqlar haqqında məlumatlar təqdim olunur. Bu ocaqların yaranması, ocaq sahiblərinin kəramətləri, onlarla bağlı rəvayətlər və inanclar verilib. Həmin materiallar Qərbi azərbaycanlıların dini təsəvvürlərinin, müqəddəs məkanlarla bağlı folklor ənənələrinin və bu ocaqların yerli icmaların mənəvi həyatındakı rolunu öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Qan davaları ilə bağlı materialların toplanması da kitabın diqqətəlayiq məqamlarındandır. Bu materiallar keçmişdə baş vermiş münaqişələrin şifahi yaddaşda qorunmuş izlərini üzə çıxarmaqla yanaşı, nəsillərarası münasibətləri, dövrün sosial-əxlaq normalarını, münaqişələrin yaranma səbəblərini və nəticələrini araşdırmağa imkan verir. Xüsusilə qan davalarının tayfa və nəsillərarası münasibətlərə, o cümlədən sosial-demoqrafik proseslərə təsiri həmin mətnlərə əlavə tarixi-etnoqrafik dəyər qazandırır.
Nəşrin layihə rəhbəri filologiya elmləri doktoru Hikmət Quliyevdir. Toplayıb tərtib edən, “Ön söz”ün müəllifi İlkin Rüstəmzadə, elmi redaktoru isə Əziz Ələkbərlidir.










