Rusiya xarici və beynəlxalq məhkəmələrin qərarlarının icrasını qadağan etdi
Rusiya prezidenti Vladimir Putin Rusiyada xarici cinayət və beynəlxalq məhkəmələrin qərarlarının icrasını qadağan edən qanunu imzalayıb.
ERAmedia xəbər verir ki, müvafiq sənəd normativ hüquqi aktların rəsmi dərc olunduğu internet saytında yerləşdirilib.
Qanuna əsasən, Rusiya Federasiyasının iştirakı olmadan digər xarici dövlətlər tərəfindən cinayət məhkəmə icraatı sahəsində səlahiyyət verilmiş xarici məhkəmələrin, eləcə də səlahiyyəti Rusiya Federasiyasının beynəlxalq müqaviləsinə və ya BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII fəslində nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsi çərçivəsində qəbul etdiyi qətnaməyə əsaslanmayan beynəlxalq məhkəmə orqanlarının qərarları Rusiyada icra olunmur.
Bundan başqa, Rusiyada hərbi məhkəmələrə vətəndaşlığı olmayan şəxsləri mühakimə etmək hüququ verilib. Müvafiq qanunu Putin dekabrın 29-da imzalayıb. Sənəd hüquqi məlumatların rəsmi internet portalında dərc olunub.
Qanuna görə, hərbi məhkəmələr vətəndaşlığı olmayan şəxslər və xarici vətəndaşlar tərəfindən hərbi xidmət keçdikləri, hərbi toplanışlarda iştirak etdikləri və ya könüllü hərbi birləşmələrdə olduqları dövrdə törədilmiş cinayətlərə baxacaq.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Vladimir Putin vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələrində və digər hərbi birləşmələrdə müqavilə əsasında xidmət etməyə icazə verən qanunu da imzalamışdı.
Əli Fərhad










