media-pashinyan-putin

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 2020-ci il noyabrın 9-da Arazdəyən kəndi yaxınlığında vurulan Rusiyaya məxsus Mi-24 hərbi vertolyotunun həlak olmuş heyət üzvlərinin xatirəsini yad edib.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Elçin Rüstəmli bu hadisəni şərh edərək bildirib ki, anım mərasimi yalnız həlak olan hərbçilərin xatirəsinin yad edilməsi deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi mövqeləri ilə bağlı müəyyən mesajlar daşıyır.

Qeyd edək ki, mərasimdə səfir Sergey Kopırkinlə yanaşı, Rusiyanın 102-ci hərbi bazası komandanlığının müavini Y. Poşenko, “Erebuni” aviabazasının komandiri A. Petrov, Rusiyanın Ermənistandakı FSB Sərhəd İdarəsinin rəisi V. Merkuryev, hərbi attaşelər A. Qoryaynov və R. Polyanovski, “Rossotrudniçestvo”nun rəhbəri V. Fefilov, İrəvandakı “Moskva Evi”nin direktoru A. Melikyan, həmçinin ictimai dairələrin və həmvətənlər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Sergey Kopırkin çıxışında 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanata toxunaraq Rusiyanın və şəxsən Prezident Vladimir Putinin qanlı müharibənin dayandırılması üçün böyük səylər göstərdiyini vurğulayıb. O, əldə olunan razılaşmaların həyata keçirilməsinin rusiyalı sülhməramlıların həyatı bahasına başa gəldiyini də qeyd edib.

Elçin Rüstəmlinin fikrincə, üçtərəfli Bəyanatın ildönümündə həlak olmuş rusiyalı hərbçilərin xatirəsinin xüsusi olaraq gündəmə gətirilməsi təsadüfi deyil. Bu addım vasitəsilə Moskva həm Rusiya ictimaiyyətinə, həm də Cənubi Qafqazdakı siyasi aktorlara Rusiyanın bölgədəki hərbi mövcudluğunun ciddi itkilər hesabına formalaşdığı mesajını ötürür.

Araşdırmaçı jurnalist hesab edir ki, Ermənistanda Rusiyanın təsir imkanlarının zəiflədiyi barədə müzakirələrin intensivləşdiyi bir vaxtda Moskva 102-ci hərbi baza və digər hərbi strukturları vasitəsilə bölgədə mövcudluğunu və təsir imkanlarını qoruduğunu nümayiş etdirməyə çalışır.

Onun qənaətinə görə, xatirə mərasimi eyni zamanda rəsmi İrəvana ünvanlanmış siyasi jest kimi də qiymətləndirilə bilər. Moskva bu yolla Rusiya-Ermənistan hərbi-siyasi münasibətlərinin formalaşmasında keçmişdə baş vermiş hadisələrin və itkilərin rolunu xatırladır, tərəflər arasındakı əlaqələrin tarixi yaddaş üzərində qurulduğunu ön plana çıxarır.

Beləliklə, Mi-24 vertolyotunun həlak olmuş heyət üzvlərinin anım mərasimi humanitar və xatirə tədbiri olmaqla yanaşı, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini qorumaq niyyətini nümayiş etdirən siyasi mesaj kimi də şərh olunur.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər