media-1600865449250_umyj61mj

1946-cı ilin noyabrında şair Səməd Vurğunun dostu Allahyar Cavanşirlə birlikdə Kür çayının sağ sahilində yerləşən Mehman meşəsinə ova getməsi ilə bağlı maraqlı xatirə sosial şəbəkə istifadəçisi Məcid Rəşafətoğlu tərəfindən paylaşılıb.

ERAmedia xəbər verir ki, həmin gün baş verən hadisə şairin sevincini, həyata və xalqa olan sevgisini əks etdirən maraqlı bir əhvalat kimi yadda qalıb.

Paylaşımda bildirilir ki, Səməd Vurğun və Allahyar Cavanşir meşədə gəzərkən qəfildən iki qırqovul xoruzu havaya qalxıb. Şair sərrast atəşlə hər iki quşu vurub. Lakin qırqovullar çaya düşərək axınla uzaqlaşmağa başlayıblar.

Bu zaman Reks və Heran adlı ov itləri dərhal suya atılaraq quşların arxasınca üzməyə başlayıblar. İtlərin və quşların aqibətindən narahat olan Səməd Vurğun dostuna müraciətlə:

– Ay Uzun, bax gör, itlər də suya qərq olacaq, quşlar da əlimizdən çıxacaq. Bəs biz nə edəcəyik? – deyib.

Allahyar Cavanşir isə təmkinlə cavab verib ki, narahat olmağa dəyməz, itlər sağ-salamat qayıdacaq və quşları da gətirəcəklər.

Bir qədər sonra Reks və Heran ağızlarında qırqovullarla sahilə doğru üzməyə başlayıblar. Bu mənzərə Səməd Vurğunu o qədər sevindirib ki, şair tüfəngini sinəsinə sıxaraq, sanki saz çalırmış kimi oynamağa və mahnı oxumağa başlayıb. İtlərə yaxınlaşdıqdan sonra hər iki quşu əlinə alaraq “qağılı-quğulu, quğulu-qağılı” sözlərini təkrar edib.

Daha sonra dostuna üz tutan şair sevincini bu sözlərlə ifadə edib:

– Ay Uzun! Düz iyirmi il cavanlaşdım! Bilirsən ki, xalq məni sevir, mən də onları sevirəm. Bu sevgi, bu hörmət asan qazanılmayıb. Çox iztirablar keçirmişəm, amma bugünkü sevinci heç nə ilə müqayisə edə bilmirəm. Sağlıq olsun, ay Uzun, sənin başın üçün bu hadisədən bir poema yazacağam. Sən də o poemanın qəhrəmanı olacaqsan!

Beləliklə, həmin gün Mehman meşəsi Səməd Vurğunun sevincinə, onun “qağılı-quğulu” nəğməsinə şahidlik edib. Şairin həyatından bu maraqlı epizod onun dostluğa, təbiətə və həyata bağlılığını əks etdirən unudulmaz xatirələrdən biri kimi təqdim olunur.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər