Səudiyyə Ərəbistanında edam edilənlərin sayı rekord həddə çatdı
Səudiyyə Ərəbistanında ardıcıl ikinci ildir ki, bir il ərzində edam olunanların sayı rekord həddə çatıb.
ERAmedia xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən və bu ölkədə edam hallarını izləyən, həmçinin ölüm hökmünə məhkum edilmiş bir neçə şəxsi təmsil edən “Reprieve” insan haqları təşkilatının məlumatına görə, bu il ölkədə azı 347 nəfər edam edilib. Bu göstərici 2024-cü ildə qeydə alınan 345 edam ilə müqayisədə daha yüksəkdir.
“Reprieve” təşkilatı bildirir ki, bu il “krallıqda monitorinqə başlanıldıqdan bəri ən qanlı il” olub.
Son edam edilənlər narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş iki Pakistan vətəndaşıdır.
Bu il edam olunanlar arasında bir jurnalist, həmçinin etirazlarla bağlı iddia edilən cinayətləri törətdikləri vaxt yetkinlik yaşına çatmamış iki gənc də var. Edam edilənlərdən beşi qadın olub.
Bununla belə, “Reprieve”in qeyd etdiyinə görə, edam olunanların əksəriyyəti (təxminən üçdə ikisi) insan tələfatına səbəb olmayan narkotiklərlə bağlı cinayətlərə görə mühakimə edilib. BMT bu cür hallarda ölüm hökmünün tətbiqini “beynəlxalq normalar və standartlarla ziddiyyətli” hesab edir.
Edam edilənlərin yarıdan çoxu xarici vətəndaşlar olub və görünür, onlar narkotiklərlə mübarizə kampaniyası çərçivəsində ölüm hökmünə məhkum ediliblər.
Səudiyyə Ərəbistanı hakimiyyəti edamların sayının artması ilə bağlı BBC-nin sorğusuna cavab verməyib.
Vural









