TikTok ABŞ-dakı biznesinin satmağa məcbur oldu
TikTok ABŞ-dakı fəaliyyətinin satışı ilə bağlı məcburi xarakter daşıyan razılaşma imzalayıb.
ERAmedia xəbər verir ki, şirkətin Amerika bölməsi ABŞ investorlarının nəzarətində olan birgə müəssisəyə — “Oracle”, “Silver Lake” və MGX konsorsiumuna satılacaq.
“Associated Press” agentliyinin məlumatına görə, sövdələşmənin 22 fevral tarixində tamamlanması planlaşdırılır. Bu tarix TikTok-un baş icraçı direktoru Şou Zı Çunun əməkdaşlara ünvanladığı və agentliyin tanış olduğu müraciətdə göstərilib.
Razılaşma başa çatdıqdan sonra TikTok-un ABŞ-dakı fəaliyyəti “amerikalıların məlumatlarının qorunması və ABŞ-ın milli təhlükəsizliyi” prinsiplərinə uyğun şəkildə qurulacaq. Xüsusilə, ABŞ istifadəçilərinə məxsus məlumatlar “Oracle” şirkətinin idarəçiliyi altında ölkə daxilində saxlanılacaq.
Qeyd edək ki, ABŞ hakimiyyəti son bir neçə il ərzində Çinin “ByteDance” şirkətinə məxsus olan TikTok-un ölkə ərazisindəki fəaliyyətinə nəzarət əldə etməyə çalışırdı. Donald Tramp ilk prezidentlik dövründə TikTok-un ABŞ-da fəaliyyətini qadağan etməyə cəhd göstərmişdi, lakin məhkəmə bu qərarı ləğv etmişdi. Onun varisi Co Bayden isə “ByteDance”in payını satmadığı halda platformanın fəaliyyətinin qadağan olunmasını nəzərdə tutan qanun qəbul etmişdi.
2025-ci ilin sentyabrında Ağ Evə qayıdan Donald Tramp Çin hakimiyyəti ilə “TikTok üzrə razılaşma” əldə etdiyini açıqlamışdı. Daha sonra TikTok-un Amerika bölməsinin ABŞ investorlarından ibarət konsorsiuma satılmasının planlaşdırıldığı məlum olmuşdu.









