“Turan”ın adı Avropanın böyük idman meydanlarında səslənəcək
Tovuzun “Turan” qadın voleybol klubu CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” komandasını həm səfərdə, həm də doğma meydanda 3:0 hesabı ilə məğlub edərək turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu münasibətlə açıqlama yayaraq, “Turan”ın tarixi uğurunun bölgə idmanının, Tovuzun və bütövlükdə Azərbaycanın böyük nailiyyəti olduğunu bildirib.
O qeyd edib ki, bu qələbə böyük idman uğurlarının yalnız paytaxtda deyil, bölgələrdə də əldə edilməsinin mümkünlüyünü bir daha nümayiş etdirir. Bunun üçün istedadla yanaşı, düzgün təşkilatlanma, peşəkar idarəçilik, ictimai dəstək və məqsədyönlü fəaliyyətin vacibliyini vurğulayıb.
Fazil Mustafa xüsusilə qadın idmanının inkişafı, qızların sağlam həyat tərzinə, idmana və ictimai həyata daha fəal cəlb olunması baxımından bu qələbənin mənəvi və sosial əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, “Turan”ın uğuru yüzlərlə yeniyetmə qız üçün yeni ümid, həvəs və özünəinam mənbəyidir.
Deputat idman klublarının vətəndaş cəmiyyətinin mühüm iştirakçıları olduğunu da qeyd edib. Onun sözlərinə görə, klubların ətrafında formalaşan azarkeş birlikləri, könüllülük təşəbbüsləri, ictimai tərəfdaşlıqlar və sosial məsuliyyət layihələri cəmiyyətin həmrəyliyinə, gənclərin sağlam ruhda yetişməsinə xidmət edir. “Turan”ın qələbəsi belə təşəbbüslərin bölgələrdə daha geniş yayılması üçün də gözəl fürsətdir.
Fazil Mustafa klubun daşıdığı “Turan” adının uğura xüsusi mənəvi çalar verdiyini vurğulayıb. O bildirib ki, türk dünyasının ortaq tarixi yaddaşını, mədəni yaxınlığını və birlik idealını ifadə edən bu adın Avropanın böyük idman meydanlarında səslənməsi qürurvericidir.
Qeyd edib ki, “Turan”ın qrup mərhələsində qardaş Türkiyənin “Eczacıbaşı” klubu ilə qarşılaşması da xüsusi əhəmiyyət daşıyır. İdman rəqabəti ilə qardaşlıq duyğularının bir araya gəlməsinin Türk dünyasının dostluq və əməkdaşlıq əlaqələrinə yeni rəng qatacağını bildirib.
Fazil Mustafa tarixi uğur münasibətilə “Turan” Voleybol Klubunun rəhbərliyini, məşqçilər heyətini, voleybolçuları, klubun inkişafına dəstək verənləri və Tovuzun azarkeşlərini təbrik edib.
O, bu nailiyyətin bölgələrdə idmanın, xüsusilə qadın voleybolunun inkişafına, yeni istedadların üzə çıxarılmasına və Azərbaycan idmanının beynəlxalq nüfuzunun daha da yüksəlməsinə güclü təkan verəcəyinə inandığını bildirib.
“Tovuzdan yüksələn bu qələbə sədası bütün Azərbaycanın qürurudur! Təbriklər, “Turan”! Yeni zəfərlər diləyirəm!” – deyə Fazil Mustafa vurğulayıb.
Vural









