“Ukrayna sülhü” barədə Tramp nağılı
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin həlli planını bəyənməyən yeganə şəxsdir.
ERAmedia bildirir ki, o, Ağ Evdə jurnalistlərə belə deyib.
Prezident Ukrayna liderindən “incikliyini” təkcə bu sözlərlə bitirməyib: “Düşünürdüm ki, Rusiya ilə razılığa çox yaxınıq. Düşünürdüm ki, Ukrayna ilə razılığa çox yaxınıq. Əslində, Prezident Zelenskinin özü istisna olmaqla, onun xalqı bu razılaşmanın konsepsiyasına heyran idi”.
Onun sözlərinə görə, ABŞ sülh planı “ərazi məsələsi də daxil olmaqla dörd-beş hissədən ibarətdir”.
Ukraynadakı “Zerkalo Nedeli” nəşrnin dərc etdiyi Tramp sülh planının yenilənmiş versiyası belə təqdim edilir: “Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tamamilə çıxarılması, Ukraynanın NATO üzvlüyündən imtina edilməsi və Kiyevin “çox yaxın gələcəkdə” prezident seçkilərinə hazırlıqlara başlaması”.
Tərəflərin biri olmaqla, təcavüzkar Rusiyanın adı çəkilmir.
Azərbaycan nağıllarının sonunda deyildiyi kimi: Göydən üç alma düşdü: Biri mənim, biri nağıl deyənin, biri də hamımızın!
Ural Dəyirmançı









