media-kitab-senaysi

Təhsil eksperti Etibar Əliyev professor Səlahəddin Xəlilovun şəxsi kitabxanasını təqdim etməsini yüksək qiymətləndirib və digər Azərbaycan alimlərini də bu təşəbbüsə qoşulmağa çağırıb.

ERAmedia-nın məlumatına görə, Etibar Əliyev bu barədə paylaşımında bildirib ki, Səlahəddin Xəlilovun kitabxanasını təqdim etməsi olduqca təqdirəlayiq hadisədir.

O qeyd edib ki, Səlahəddin Xəlilov Azərbaycan Universitetinin rektoru olduğu dövrdə kiçik kampusda böyük kitabxana yaratmağa nail olub. Həmin kitabxanada elmi tədbirlər də keçirilib.

Təhsil eksperti şəxsi kitabxanaların mahiyyətinə toxunaraq dünya şöhrətli italyan yazıçısı və filosofu Umberto Ekonun bu barədə düşüncələrini xatırladıb. Onun sözlərinə görə, Eko Rable və Servantesin kitabxanalarını tamamlanmış, Borxesin kitabxanasını isə sonsuz kitabxana paradiqmasının nümunəsi kimi təqdim edirdi. Bu yanaşmada kitabların ayrı-ayrılıqda adlarından daha çox kitabxananın quruluşu və bütövlükdə yaratdığı intellektual mənzərə ön plana çıxır.

Etibar Əliyev bildirib ki, Azad Mirzəcanzadənin, Qorxmaz Quliyevin, Rəhman Bədəlovun, Yusif Rüstəmovun, Fazil Mustafanın, Cəmil Quliyevin və Cəmil Əhmədlinin şəxsi kitabxanaları da Ekonun təsvir etdiyi etalona uyğun nümunələrdir.

O, Səlahəddin Xəlilovun kitablar haqqında fikrini də xüsusi vurğulayıb:

“Kənardan baxanda kitablar cansız kimi görünür, amma bu mənim həyatımın bir parçasıdır. Hər kitabın da öz tarixçəsi, öz həyat yolu var”.

Təhsil eksperti bu fikri yüksək qiymətləndirərək kitabın insan həyatında daşıdığı mənəvi və intellektual əhəmiyyətə diqqət çəkib.

Etibar Əliyevin fikrincə, kitab yalnız bilik mənbəyi deyil, həm də yaddaşın qorunması və nəsillərə ötürülməsi vasitəsidir. O, bu düşüncəsini belə ifadə edib: “Kitab-yaddaşdır. Yaddaşı parlaq saxlamağın yeganə vasitəsi kitabdır”.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər