"Xarici Ədəbiyyat" imtahanı: Ad günüm və "Gənclik" jurnalı məni necə "XİLAS ELƏDİ?"
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNKdə
Meydan mitinqləri başlamışdı. Ermənilərin bizə qarşı qaldırdığı torpaq iddiaları fonunda hadisə və proseslər getdikcə gərginləşir, Respublika qaynar qazan kimi çalxalanırdı. Ölkə daha böyük hadisələrin və daha ciddi dəyişikliklərin astanasında idi…Təbii ki, ali məktəb tələbələri, gənclər, xüsusən BDU hadisə və proseslərin episentrində idi. Biz də hər gün dərsdən sonra, bəzən də fürsət düşdükcə dərsdən qaçıb mitinqlərdə iştirak edirdik. Bununla yanaşı dərslərimizi də oxuyur, imtahanlara hazırlaşırdıq.
…Qış imtahan sessiyasını heç bir yaddaqalan hadisə olmadan yola verdim, qiymətlər də əla. Birinci kursun sonunda, yay imtahan smestrində Xarici ədəbiyyatdan imtahanımız vardı. Özü də mənim doğum günündə – 12 iyun 1989-cu il. Birdən məlum oldu ki, imtahanı götürən xanım müəllimə imtahana çox əsəbi və qanıqara gəlib. İlk içəri girən 4-5 nəfərdən bəzisini kəsib,bəzilərinə də 3 yazmışdı. Vəziyyətin belə olduğunu görəndə uşaqlardan heç kim imtahana girmək istəmədi. Düzünü etiraf edim ki, mən də bu imtahana tam hazırlıqlı deyildim. Çünki cəmi iki semestr ərzində antik ədəbiyyatdan tutmuş ta çağdaş dünya ədəbiyyatına qədər böyük bir dövrü, bütün dünya üzrə çoxsaylı şair və yazıçıların yaradıcılıgını tam mənimsəmək olduqca çətin idi. Jurnal sırası ilə 16-cı adam olsam da, “Allaha pənah”-deyib sinifə girdim. Onsuz da bundan sonra heç nə eləmək mümkün deyildi. Bir az gec, ya tez imtahan verilməli idi. Bilet cəkib əyləşdim. Heç biri bildiyim mövzular deyildi. Yalnız birinin ətrafında ala – yarımçıq nəsə danışdım. Qrup nümayəndəmiz Zakir İbrahimov vəziyyətin qəliz olduğunu görüb dedi ki, – müəllimə, bu gün İlhamın ad günüdü. Bunu eşidən müəllimə bir az yumşaldı.
-Əslində qiymətin 2-dir, – dedi. Amma bir bal ad gününə, bir bal da şairliyinə görə verib sənə dörd yazıram.
Yeri gəlmişkən, onu da deyim ki, beş il ərzində aldığım yeganə 4 qiymət yalnız o oldu. Diplom müdafiəsi və dövlət imtahanı da daxil, yalnız əla qiymətlərlə oxudum. Universiteti bitirəndə həmin müəllimə mənə dedi ki, bilirəm, beş il ərzində bütün qiymətlərin əladı. Get rektor göndərişi al, sənə yazdığım o 4-ü beş edim. Onsuz da bir 4 heç nəyi dəyişmirdi və onsuz da fərqlənmə diplomu alırdım. Ona görə də təsəkkür edib, ehtiyac olmadığını bildirdim…

İndi isə qayıdaq o şairlik məsələsinə. Demək,Universitetə qəbul olandan sonra hələ rayonda ikən o vaxt çox məşhur və populyar olan “Gənclik” jurnalına şeirlərimi göndərmişdim, özü də poçtla. İmzamın altında da jurnalistika fakültəsinin birinci kurs tələbəsi olduğumu qeyd etmişdim. “Gənclik” jurnalının baş redaktoru rəhmətlik Məmməd İsmayıl həmin şeirlərdən üçünü 1989-cu ilin fevral nömrəsində çap eləmişdi. Təbii ki, çox yüksək tirajla çıxan o məşhur jurnalı hamı oxuyurdu. Bizim xarici ədəbiyyat müəllimimiz də həmin şeirləri oxuyub bəyəndiyini demişdi. Bax bu şairlik söhbəti də oradan gəlirdi …
O ki qaldı şair M.İsmayıla, onunla yolumuz üç il sonra – o, Dövlət Teleradio Verilişləri Şirkətinin sədri olanda kəsişəcəkdi. Bu barədə isə gələn yazılarda…
ARDI VAR…









