media-c71d42d0-faf8-41b4-bd6d-0c325b50fade
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
Dərslər başlanmışdı. Bizim qrupda tələbə sayı əvvəllər olduğu kimi 25 deyil, 31 nəfər idi. İki nəfər Gürcüstandan göndərilmişdi, üç qız hazırlıqdan, bir nəfər Məmmədbağır adlı soydaşımız da Cənubi Azərbaycandan gəlmişdi. İkinci kurdan isə Universitetə iki il əvvəl qəbul olub əsgərliyə gedən Yusif Rzayev də bizim qrupa gələcəkdi. Tələbə yoldaşlarımızdan nisbətən yaşlı olan və rayon uşağı olan beş nəfər bir – birimizlə tez isinişdik. Hamımızdan böyük olan və ağsaqqal deyə cağirdığımız lerikli Bahadur Şəfi, Masallının Qədirli kəndindən Nəzirməmməd Zöhrablı, kəlbəcərli Vaqif Nəcəfov, İmişlinin Əlipənahlı kəndindən tərəkəmə balası Zöhrab Mehdi və mən. Deyirlər, insanı oxşar tale, eyni sosial mənsubiyyət, ortaq dünyagörüşü, eyni əqidə və məslək daha çox birləşdirir. Biz beş nəfərin dostluğu da məhz bu meyarlara söykənirdi. Sonralar mən bu dostluğumuzu Nizaminin məşhur beşliyinə bənzətmə olaraq “Xəmsə ” adlandırdım. Sevinirəm ki, 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bizim “Xəmsə”nin möhkəm dostluğu yenə də davam edir…
…Dərslər başlasa da, yataqxana məsələsi ilə bağlı problem vardı. Açığı, Bakıda bəzi qohumlarımız olsa da, onlarda qalmaq istəmirdim. Əvvəla ona görə ki, heç birinin mənzil şəraiti o qədər də yaxşı deyildi. İkincisi də kiməsə yük olmaq, narahatlıq vermək istəmirdim. Əsl tələbə həyatını yaşamaq, dərslərə öz yoldaşlarımızla birgə hazırlaşmaq, ən əsası da Universitetə daha yaxın olmaq üçün yataqxana vacib idi. Növbəti həftənin birinci günü fakültəmizin o vaxtkı dekanı rəhmətlik Tofiq Rüstəmova və fakültə partiya təşkilatının katibi Seyfulla Əliyevə müraciət etdim. Allah hər ikisinə qəni – qəni rəhmət eləsin. Həmən reaksiya verdilər. Fakültəmizin tələbə həmkarlar təşkilatının sədri, üçüncü kursda oxuyan Mübariz Əsgərova ( Əməkdar jurnalist ,məşhur “Qulp ” verilisinin aparıcısı ) tapşırdılar ki, yataqxana məsələsi həll oluna qədər mənim müvəqqəti yerləşməyimə kömək etsin. Dərsdən sonra Mübarizgilin qaldığı 2 nömrəli yataqxanaya getdim. Yuxarı kursların əksər tələbələri həmin yataqxanada yaşayırdılar. Hikmət Sabiroğlu, Əlisəfa Mehdiyev, Dəyanət Osmanlı, rəhmətlik Ələsgər Qurbanov, Mirşahin Ağayev, Əlinasir İmanlı, Tamxil Ziyyəddinoğlu, İlham Məmmədli və başqaları. Heç bir otaqda əlavə çarpayı qoymağa yer yox idi. Mübariz təklif etdi ki, komendantdan yataq dəsti götürüb onlarla bir yerdə qalım. Növbəli şəkildə döşəməyə döşək salıb yatarıq. Bu niyyətlə yataqxananın komendantı Zinyət xanımın yanına getdik. Elə bu məsəlini danışırdıq ki, əynində idman geyimi olan qarayanız, arıq ,bəstəboy bir oğlan hay – küylə içəri girdi. Komendantdan nəsə istəyirdi. Zinyət xanım məni həmin oğlana təqdim edib, “tanış ol, yerlindi” – dedi. Həmin oğlan çox mehriban və səmimi bir əda ilə: “adım Raufdu-dedi, Rauf Novruzov, – Şamaxının Sündü kəndindənəm, tətbiqi –  riyaziyyat fakültəsində üçüncü kursda oxuyuram. ” Vəziyyəti biləndən sonra təklif etdi ki, gedim onunla qalım. Otaqda iki nəfərdilər, əlavə bir boş çarpayı da var. Beləcə, bu problem də həll olundu. Bir neçə gündən sonra Bahadır, Nəzirməmməd və Vaqif də xarici tələbələrin qaldığı yataqxanada yer tapdılar. Zöhrab isə bir il kirayədə qaldı. Az müddət sonra Vaqif də yataqxanadan çıxıb getdi. Ancaq buna baxmayaraq, biz beş dost hər gün dərsdən sonra da bir yerə yığışır, demək olar ki, həmişə bir yerdə olurduq. İkinci kursdan isə bizə Universitetin yeni tikilən 9 mərtəbəli yataqxanasında ayrıca yer verdilər.
…Tezliklə qaynar tələbə həyatına uyğunlaşdıq. Jurnalistika fakültəsində həmişə mövcud olan demokratik mühit, tələbələrin öz aralarında və tələbələrlə müəllimlərin səmimi, mehriban münasibəti bu uyğunlaşma prosesini daha da sürətləndirdi. Adlarını eşidib, özlərini qəzet və jurnallardan, kitablardan, radio və televiziyadan tanıdığımız əfsanəvi müəllimlərlə canlı ünsiyyətdən hədsiz xoşbəxt olurduq. Dərslər də normal məcrasında davam edirdi. Ta ki 1988-ci ilin Meydan hadisələrinə qədər …
ARDI VAR

media-adspc

Bənzər xəbərlər