media-1728812367_img-20241013-wa0048jpg

Niderland parlamentinin nümayəndələr palatasında qəbul edilən son qətnamələr bir daha göstərdi ki, Avropanın bəzi siyasi dairələri Cənubi Qafqazda formalaşmış yeni reallıqları qəbul etməkdə çətinlik çəkir və regiona münasibətdə köhnəlmiş, qərəzli yanaşmaları davam etdirirlər. Xüsusilə Cənubi Qafqaz kimi həssas bir bölgədə sülhün bərqərar olunmasına ehtiyac duyulduğu bir dövrdə bu tip addımlar nə hüquqi əsaslara, nə də obyektiv siyasi məntiqə söykənir. Əksinə, bu qərarlar açıq şəkildə siyasi manipulyasiya və ideoloji təzyiq aləti kimi çıxış edir.

ERAmedia bildirir ki, deputat Don Seder tərəfindən təqdim edilən və guya “erməni əsirləri” və qondarma “erməni soyqırımı” ilə bağlı olan sənədlərin qəbul edilməsi faktı, xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin davam etdiyi bir mərhələdə ciddi suallar doğurur.

Maraqlıdır ki, Niderland hökuməti belə bu sənədləri dəstəkləmədiyini açıq şəkildə bəyan edib. Bu isə bir daha sübut edir ki, sözügedən qətnamələr dövlət siyasətindən daha çox daxili siyasi populizm və müəyyən lobbi qruplarının təsiri altında qəbul olunub.

Bu cür riyakar sənədlərin ən təhlükəli tərəfi isə onların regionda kövrək olan sülh prosesinə birbaşa zərbə vurmasıdır. Uzun illər davam etmiş münaqişədən sonra tərəflər arasında etimadın formalaşdırılması onsuz da mürəkkəb prosesdir. Belə şəraitdə birtərəfli və qərəzli qərarların qəbul edilməsi dialoqu təşviq etmək əvəzinə, qarşıdurma ritorikasını gücləndirir və revanşist qüvvələrə əlavə stimul verir. Bu isə real sülh perspektivlərini zəiflədir və bölgədə sabitliyin bərqərar olmasını gecikdirir.

Digər tərəfdən, bu qətnamələrdə tarixi faktların selektiv şəkildə təqdim olunması və ya ümumiyyətlə nəzərə alınmaması xüsusi narahatlıq doğurur. Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlər, o cümlədən Xocalı soyqırımı kimi insanlıq əleyhinə aktlar ya görməzdən gəlinir, ya da bilərəkdən arxa plana atılır. Halbuki, bu hadisələr beynəlxalq hüquq baxımından ciddi qiymətləndirilməli və günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Bu cür faciələrin üzərindən susmaq və eyni zamanda həmin cinayətləri törətmiş qüvvələri dolayısı ilə müdafiə edən sənədlər qəbul etmək nə mənəvi, nə də hüquqi baxımdan qəbul edilə biləndir.

Əslində, bu yanaşma klassik ikili standartların bariz nümunəsidir. Bir tərəfdən insan haqları və beynəlxalq hüquq prinsiplərindən danışılır, digər tərəfdən isə həmin prinsiplər siyasi maraqlara uyğun şəkildə seçici tətbiq olunur. Bu isə yalnız region ölkələrində deyil, ümumilikdə beynəlxalq münasibətlər sistemində etimadsızlığı artırır və Qərb institutlarının obyektivliyinə kölgə salır.

Nəticə etibarilə, Niderland parlamentinin nümayəndələr palatasında qəbul edilən bu qətnamələr nə regionda sülhə xidmət edir, nə də ədalətin bərqərar olunmasına töhfə verir. Əksinə, onlar mövcud gərginliyi dərinləşdirir, tərəflər arasında etimadı sarsıdır və sülh prosesini ləngidir. Əgər həqiqətən davamlı sabitlik və barışıq məqsəd qoyulursa, bu cür qərəzli və birtərəfli addımlardan imtina olunmalı, obyektiv və balanslı yanaşma nümayiş etdirilməlidir.

ERAmedia Analitik Qrupu


media-adspc

Bənzər xəbərlər