Azərbaycan üçün yeni rəqəmsal mərhələ – Strateji əməkdaşlıq yeni imkanlar açır
Azərbaycanda rəqəmsal inkişaf sahəsində mühüm hadisə baş verib. “Azerconnect Group” ilə NVIDIA arasında tərəfdaşlıq müqaviləsinin imzalanması ölkənin texnologiya gündəminə yeni dinamika gətirib.
ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu barədə açıqlamasında bildirib ki, dünyanın ən güclü texnologiya şirkətlərindən birinin Azərbaycan bazarında yerli tərəfdaş seçməsi ölkənin texnologiya sektoruna marağın artdığını göstərir.
Onun sözlərinə görə, bu hadisə rəqəmsal inkişaf baxımından strateji əhəmiyyət daşıyır.
Ekspert qeyd edib ki, indiyədək NVIDIA ilə əməkdaşlıq daha çox texnoloji həllər və avadanlıq səviyyəsində olub. Azərbaycanda NVIDIA GPU-ları əsasında iki böyük superkompüter layihəsinin həyata keçirildiyini xatırladan Osman Gündüz vurğulayıb ki, yeni razılaşma birbaşa korporativ tərəfdaşlıq və uzunmüddətli strateji layihələri əhatə etməsi ilə fərqlənir.
Onun sözlərinə görə, ilkin mərhələdə GeForce NOW xidmətinin təqdim olunması planlaşdırılır. Bu xidmət istifadəçilərə güclü kompüter almadan oyunları bulud üzərindən oynamaq imkanı yaradacaq. Ekspert hesab edir ki, bu addım ölkədə bulud texnologiyalarına marağı artıracaq, rəqəmsal əyləncə bazarını genişləndirəcək və yüksək sürətli internetə tələbatı yüksəldəcək.
Osman Gündüz diqqətə çatdırıb ki, əməkdaşlığın ən vacib tərəfi gələcək planlarla bağlıdır. Onun sözlərinə görə, süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və AI data mərkəzlərinin yaradılması kimi istiqamətlər reallaşarsa, Azərbaycan regionda mühüm rəqəmsal infrastruktur və hesablama mərkəzinə çevrilə bilər.
Ekspert həmçinin xatırladıb ki, Prezident İlham Əliyev son çıxışlarında data mərkəzlərinin qurulması və süni intellektin inkişafının vacibliyini xüsusi vurğulayıb. Bu baxımdan, “Azerconnect Group” rəhbəri Emil Məsimovun NVIDIA ilə imzaladığı tərəfdaşlıq həmin strateji xəttin davamı kimi qiymətləndirilir.
Bundan əlavə, ötən ilin sonunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də NVIDIA rəhbərliyi ilə görüş keçirib. Görüşdə süni intellekt və yüksək hesablama texnologiyaları üzrə əməkdaşlıq imkanları müzakirə olunub ki, bu da hazırkı razılaşmanın planlı və ardıcıl siyasətin nəticəsi olduğunu göstərir.
Osman Gündüz bildirib ki, bu əməkdaşlıq sevindirici addım olsa da, regionda rəqabət artıq xidmət satışından daha çox AI infrastrukturu və iri texnoloji investisiyalar üzərində qurulub. Onun sözlərinə görə, Ermənistan, Qazaxıstan və Özbəkistanda son dövrlər bu istiqamətdə atılan addımlar da bunu təsdiqləyir.
Sonda ekspert vurğulayıb ki, “Azerconnect Group”un əldə etdiyi bu nəticə son mərhələ deyil, daha böyük və iddialı prosesin başlanğıcıdır. “İndi əsas məsələ imzalanan razılaşmaları real layihələrə çevirməkdir”, – deyə Osman Gündüz əlavə edib.
Vüsalə










